Şəhid atasının müavinətinin kəsilməsinə RƏSMİ CAVAB: “Bu göstəricilərlə komissiyadan keçə bilməz”


Xəbər verdiyimiz kimi, Mingəçevir şəhər sakini Birinci Qarabağ müharibəsi iştirakçısı, Vətən müharibəsi şəhidi İsmayılov Vüqarın atası, ikinci qrup əlil Eldar İsmayılov böyrək çatışmazlığı diaqnozu ilə 2009-cu ildən başlayaraq müavinət alıb. Bundan sonra böyrəklərində ciddi fəsadlar yarandığı üçün 2015-ci ildə əməliyyat olunaraq böyrəyinin biri götürülüb. Fevral ayından etibarən Eldar İsmayılovun müavinəti kəsilib. Bununla bağlı Mingəçevir şəhər Xəstəxanasına müraciət etsə də, xəstəxananın nefroloq həkimi Allahverdi Alıyev bildirib ki, xəstənin keratin səviyyəsinin uyğun olmadığına görə, o yenidən əlillik meyarına uyğun gəlmir. Nəticələrdən narazı qalan vətəndaş yenidən analiz vermək üçün özəl xəstəxanaya müraciət edib. Özəl xəstəxanalarda isə pasientin analiz cavalarında kereatin səviyyəsinin yüksək olduğu göstərilib. 
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (Agentlik) Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirildi ki, xəstənin bir böyrəyinin olmamasına baxmayaraq qanda kreatinin səviyyəsi normaldır:
“Mingəçevir şəhər Mərkəzi Xəstəxanası (Mingəçevir ŞMX) tərəfindən Agentliyə verilən məlumata görə Mingəçevir şəhər sakini E.İsmayılov 20.02.2021-ci il tarixində xəstəxanada müalicə həkimi, nefroloq Allahverdi Alıyevə müraciət etmişdir. Həkim xəstəni müayinə etdikdən sonra müvafiq diaqnoz qoymuş və instrumental müayinələr təyin etmişdir. Xəstənin tam abdomen USM və uroloji USM-nin göstəriciləri və qanda kreatinin səviyyəsi 0.86 mg/dl olduğu üçün həkim-nefroloq  vətəndaşa onun xəstəliyinin əlillik meyarına uyğun gəlmədiyini bildirmişdir. Lakin vətəndaş Mingəçevir ŞMX-da aparılan müayinələrin doğruluğuna narazılığını bildirmişdir. Bu səbəbdən 27.02.2021-ci il tarixində ondan yenidən qan analizi götürülmüş, qanda kreatinin səviyyəsi 0.51 mg/dl olmuşdur. Nəticələrə əsaslanan həkim xəstəyə ətraflı məlumat verərək bildirmişdir ki, bu göstəricilərlə xəstə Həkim Məsləhət Komissiyasından (HMK) keçə bilməz. Çünki xəstənin bir böyrəyinin olmamasına baxmayaraq qanda kreatinin səviyyəsi normaldır. 
Qeyd edək ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının 1.1.5.-ci bəndinin icrasını təmin etmək məqsədilə “Əlilliyin müəyyən olunması meyarları”nın  təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il yanvarın 1-dən qüvvədə olan qərarının 4.1.4.1 bəndində göstərilir ki, Normal funksiya edən və yaxud böyrək funksiyasının cüzi pozulması ilə müşahidə edilən tək böyrək olduqda,Xroniki Böyrək Çatışmazlığının (XBÇ) təzahürü olmadan və ya xroniki böyrək xəstəliyinin I-II mərhələsi ilə (XBÇ I mərhələ) xəstəyə əlillik təyin etmək mümkündür. Həkim-nefroloqun rəyinə əsasən E.İsmayılovun instrumental müayinə nəticələri xroniki böyrək xəstəliyinin I-II mərhələsi ilə uyğunlaşmır və beləliklə də, onun xəstəliyi əlillik meyarına uyğun gəlmir”.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top