Həzrət Məryəm və "susma orucu"


İslam şəriətinə görə oruc tutan müsəlmanın davranışları elmihal kitablarında geniş izah olunur. Ancaq oruclu bir şəxsin başqaları ilə danışmaması İslam şəriətində bildirilməyib. İslam fiqhində oruc tutan bir müsəlmanın başqaları ilə danışmaması tələb olunmur. Oruc tutarkən boğazdan aşağı girəcək şeylərə diqqət etməli olduğumuz kimi, ağızdan çıxanlara da, yəni danışdığımız sözlərə də fikir verməliyik. Bu minvalla biz orucu dil, qulaq, əl və ayağımıza, yəni bütün əzalarımızla tutmalıyıq. Ancaq yenə də İslamda xüsusi mənada “susma orucu” fərz qılınmayıb.
Bu yazıda Quranda bizə bildirilən Həzrət Məryəmin (ə.s) “susma orucu”ndan bəhs etmək istəyirik. Görəsən bu “susma orucu” bizə hansı məqamlardan xəbər verir? Həzrət Muhamməd (s.ə.s) ümməti olaraq bu oruc bizə nəyi anladır, bizə hansı mesajları verir?
Ayədə belə buyurulub: “(Bunlardan) ye, iç! Gözün aydın olsun! Əgər insanlardan kimisə görsən, de ki: “Mən Rəhman (olan Allah) üçün (susma) orucu tutmağı nəzir eləmişəm. Ona görə də bu gün heç bir insanla danışmayacağam!” (Məryəm, 19/26). Bu ayə ilə Həzrət Məryəm sanki təlimatlandırılmış, əgər bir şəxslə qarşılaşarsa, bir söz demədən işarə ilə Allaha “susma orucu” nəzir etdiyini bildirməsi əmr edilmişdir.
Təfsir alimlərindən İbn Kəsirə görə, Həzrət Məryəm “bu gün heç bir insanla danışmayacağam!” sözünü dillə ifadə etməmiş, işarə ilə bildirmişdir. Əks halda onun danışması tutduğu “susma orucu”na zidd olardı. Həmçinin o dövrün haqq şəriətinə görə inananlar oruc tutanda həm yemək, həm də danışmaqdan uzaq durmalı idilər.
Ayədə “əhədən” sözü istifadə edilməmiş, yəni  “heç kimlə danışmayacağam!” deyilməmiş, məhz “insiyyən” sözü istifadə edilərək, “heç bir insanla danışmayacağam!” buyurulmuşdur. Bununla da Həzrət Məryəm “bu gün heç bir insanla danışmayacaq, ancaq Rəbbimə minacat edəcəyəm” demək istəmişdir.
Ayədə xəbər verildiyi üzrə, o gün Həzrət Məryəmə oruc tutması və heç bir insanla danışmaması əmr olunurdu. Ancaq xalqın ondan cavab gözlədiyi, danışmasını istədiyi məqamlar var idi. Onun yerinə daha güclü bir hüccət və dəlil danışacaq, Həzrət Məryəmin cavab verməsindən daha güclü bir təsirlə həqiqət parlayacaqdı.
Bir sıra təfsir aliminin qeyd etdiyi kimi, səfehlərlə, ağıldan kəm insanlarla mücadilə etmənin ən kəsə və təsirli yolu susmaqdır. Həzrət Məryəm də məhz bu yolu seçmişdir. Qaldı ki, Həzrət İsanın qundaqda ikən bir möcüzə olaraq danışması bütün ağızları qapamaq üçün kifayət etmişdir. Həzrət İsanın hələ çağa ikən Allahın (c.c) iradəsi ilə danışması anası Həzrət Məryəmə qarşı söylənən kinayə dolu sözləri, böhtan və iftiraları bir anda kəsib atmışdı.
Bir mənada ayədə sanki, “Sənin bu möcüzə uşaqla (Həzrət İsa ilə) əlaqədar söz söyləmənə ehtiyac yoxdur, bu tənqidlərə cavab vermək bizim işimizdir” deyilirdi. Əgər Həzrət Məryəm evli olsa, hər hansı bir qadın kimi ilk uşağını dünyaya gətirsəydi, yəhudilər arasında dini ənənə və ya adət halına gələn “susma orucu” tutmasına ehtiyac qalmazdı. 
Həzrət Məryəmin oğlu Həzrət İsanı dünyaya gətirməsi hər hansı bir cinsi əlaqə nəticəsində baş verməmişdi. Hətta Cəbrayıl (ə.s) Həzrət Məryəmə bir oğlunun olacağını xəbər verəndə o belə demişdi: “Mənim necə oğlum ola bilər ki, mənə indiyədək bir insan əli belə toxunmamışdır. Mən zinakar da deyiləm!” (Məryəm 19/20). Bununla da Həzrət Məryəm öz ifadəsi ilə məşru və ya qeyri-məşru olaraq hər hansı bir cinsi əlaqədə olmadığını söyləyirdi. Ancaq bununla yanaşı Həzrət Məryəmin rəhmində Həzrət İsaya həyat verilmişdi.
Həzrət İsanın dünyaya gəlməsi Cənab Allahın (c.c) təbiətdə, insan bədənində var etdiyi və insanlara məlum olan qanunlardan kənar cərəyan etmişdi. Əslində bununla da Cənab Allah (c.c) təbiətdə qoyduğu qanunlara biz bəndələrin, bütün məxluqat və varlıqların tabe olması gərəkdiyi halda, Özünün bu qanunların fövqündə olduğunu və o qanunları ancaq Özünün poza biləcəyini xəbər verir, təbiətdə qoyduğu qanunlara, səbəblərə tabe olmadan da qeyd-şərtsiz yarada, istədiyini bir möcüzə kimi ortaya çıxara biləcəyini göstərirdi.
Həqiqətən imtahan çox çətin və ağır idi. Allahın (c.c) əmri ilə gənc qız bir uşağa (Həzrət İsaya) hamilə qalacaq, yaşadığı şəhərdən, ailəsindən uzaq bir yerdə tək başına onu dünyaya gətirəcək, sonra da qucağında o uşaqla öz qövmünün yanına gələcəkdi. Belə bir mənzərə qarşısında iftiralar, zina isnadı, kinayə dolu sözlər havada uçuşurdu. Həzrət Məryəmin susması, daha doğrusu “susma orucu” tutması məhz bu məqamda cərəyan etmişdi. “Əgər insanlardan kimisə görsən, de ki: “Mən Rəhman (olan Allah) üçün (susma) orucu tutmağı nəzir eləmişəm. Ona görə də bu gün heç bir insanla danışmayacağam!” (Məryəm, 19/26) ayəsi bu məqamdan xəbər verirdi.
Əslində dünyamız bu gün də bu kimi səfeh tiplərdən xali deyil. Bəzən elə olur ki, Həzrət Məryəm kimi saf və təmiz insanlara iftira və böhtanlar atılır. Sırf düşmənçilik, qısqanclıq və s. kimi səbəblər ucbatından bu kimi təmiz insanları etibarsızlaşdırmağı, onların etibarına xələl gətirməyi bu kimi səfeh tiplər özlərinə vəzifə bilirlər. Ancaq üstün keyfiyyətlərə sahib bu kimi insanların fəaliyyətləri, ortaya qoyduqları işləri, ərsəyə gətirdikləri gözəl əməlləri həmin o səfeh kəslərə ən gözəl cavabdır.
“İfq hadisəsi” zamanı Həzrət Peyğəmbərimizin (s.ə.s) xanımı Həzrət Aişəyə (r.a) iftira atılanda bütün müsəlmanların qəlbində hansı ağrı, hansı narahatlıq hissini yaşanmışdısa, eynilə Həzrət Məryəmə qucağındakı uşağa görə deyilən sözlər də o dövrdə inananları o dərəcə narahat etmişdi. Bir sözlə, cəmiyyət hər tərəfli bir imtahandan keçirdi. Həzrət Məryəm iffətli və tanınmış bir nəslin nümayəndəsi, dövrün haqq peyğəmbəri Həzrət Zəkəriyyənin (ə.s) himayəsi və tərbiyəsində böyümüşdü. Əgər, haşa Həzrət Məryəm iffətsiz şəxs idisə, cəmiyyətdə başqa əxlaqlı şəxs axtarmağa dəyərdimi?!
Həzrət Məryəm insanların böhtan və iftiralarına qarşılıq olaraq heç bir cavab vermədən susmağı tərcih etmiş, qucağındakı körpəsini işarə edərək onun cavab verəcəyini bildirmişdir: “(Məryəm onun özü ilə danışın, deyə) ona (uşağa) işarə etdi. Onlar: “Beşikdə olan uşaq necə danışacaq?” – dedilər. (Allahdan bir möcüzə olaraq körpə dilə gəlib) dedi: “Mən, həqiqətən, Allahın quluyam. O mənə kitab (İncil) verdi, özümü də peyğəmbər etdi. O, harada oluramsa-olum, məni mübarək (həmişə hamıya xeyir verən, dini hökmləri öyrədən) etdi və mənə diri olduqca namaz qılıb, zəkat verməyi tövsiyə buyurdu. O, həmçinin məni anama qarşı olduqca itaətkar (nəvazişkar) etdi, (heç kəsə qarşı) zülmkar, asi (dikbaş) eləmədi! Doğulduğum gün də, öləcəyim gün də, diriləcəyim (qəbirdən diri olaraq qaldırılacağım) gün (qiyamət günü) də (Allahdan) mənə salam olsun!” (Məryəm, 19/29-34).
Bu ayələr həm də Həzrət İsanın, haşa ilah və ya Rəbb olduğunu iddia edənlərə bir cavab mahiyyəti daşıyır. Çünki Həzrət İsa burada: “Mən Allahın quluyam” deyir. Həzrət İsanın bu ifadələrində anasının zinadan uzaq, iffətli və tər-təmiz olduğuna diqqət çəkən nüanslar var. Çünki bu ifadələr Həzrət İsanın Cənab Allah (c.c) tərəfindən seçilmiş şəxs olduğuna dəlalət edir. Cənab Allah (c.c) zina yolu ilə dünyaya gələn bir şəxsi insanlara mənəvi rəhbər və bir peyğəmbər olaraq seçməkdən uca və münəzzəhdir. O, anasını bu ifadələri ilə o dərəcə böyüdür, elə yüksəldirdi ki, açıq şəkildə: “anam bu əməli işləməyib” sözü belə onu bu qədər ucalara qaldırmazdı.
Cənab Allah (c.c) tərəfindən seçilərək belə bir nemət verilən, qucağındakı uşağının bir Allah elçisi olaraq onunla danışdığını eşidən, bunu öz gözləri ilə görən Həzrət Məryəmdə bundan sonra hər hansı bir hüzn və kədər qalardımı?! Onun bütün sıxıntıları, qəm və kədəri aradan qalxmış, qəlbi hüzurla dolmuş, bir peyğəmbər (ə.s) anası olaraq üzü gülmüşdü. Mələyin müjdələdiyi möcüzənin Həzrət Məryəmlə həyata keçməsinin şərəfi ilə başı səmalara dəyirdi.
Atılan böhtan, iftira və töhməti aradan qaldırmaq üçün Həzrət İsanın qundaqda ikən bir möcüzə olaraq danışması, Həzrət Məryəmin danışmasından daha təsirli olmuşdur. Burada həm də işi daha üstün olana vermənin, işi öhdəsindən layiqincə gələcək birinə həvalə etmənin daha doğru olduğu bildirilir. Səfeh şəxslərlə mücadilə etmək xoş qarşılanan əməl deyil. Burada həm də səfeh şəxslərə ən gözəl cavabın susmaq olduğu vurğulanır. İnsanların ən zəlili, qarşısında özü kimi başqa bir səfeh tapmayan şəxsdir.
Buradan anlayırıq ki, Oruc tutarkən ağzımızdan gözəl sözlərin çıxmasına diqqət etməli, qeybət, söz daşıma, böhtan və iftira kimi əməllərə qarşı da nəfsimizə oruc tutdurmalıyıq. Həzrət Peğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “Sizdən biriniz oruc tutduqda, pis söz danışmasın! Kimsə ona söyər və ya vurmağa çalışarsa: “Mən oruc tutmuşam” desin (Buxari, Savm, 2). “Pis söz danışan və ona əməl edən şəxsin yemək-içməyini tərk edib, oruc tutmağına uca Allahın ehtiyacı yoxdur” (Buxari, Savm, 8).
Qeyd edək ki, Məryəm surəsində keçən bu ayələr (Məryəm, 19/1-34) səhabələrin Məkkədən Həbəşistana hicrət etdikləri ərəfədə nazil olmuşdu. Xristian bir məmləkətə pənah gətirən səhabələr məhz bu ayələrlə son ilahi din olan İslamın Həzrət Məryəm və Həzrət İsa ilə bağlı mövqe və görüşünü açıq bir şəkildə ortaya qoyacaqdı. Cənab Allah (c.c) səhabələrə qarşı sevgi və hörmət hissini o günə qədər xristian olan Nəcaşinin qəlbinə qoyacaq, Həzrət İsa və Həzrət Məryəmlə bağlı ayələr, həmçinin Nəcaşinin qəlbində yanan hidayət işığı onun da İslamla şərəflənməsinə səbəb olacaqdı.

Qeyd: Yazının hazırlanmasında aşağıdakı təfsir qaynaqlarında keçən Məryəm surəsinin izah və şərhlərindən istifadə edilmişdir.

Elmalılı Hamdi Yazır “Hakk Dini Kuran Dili” 
İbn Kəsir, “Hadislerle Kuranı Kerim Tefsiri” 
Seyyid Kutub, “Fi Ziləlil-Quran” 
Heyət “Kuran Yolu - Diyanət Təfsiri”
Vehbe Zuhayli, “Təfsirul-Münir”
Bayraktar Bayraklı, “Yeni Bir Anlayışın İşığında Kuran Tefsiri”
Celal Yıldırım, “İlmin Işığında Asrın Kuran Tefsiri”
İmam Nesefi, “Nesefi Tefsiri”
Tabəri, “Tabəri Təfsiri”
Məvdudi, “Təfhimul-Quran”

Digər qaynaqlar:
https://islamansiklopedisi.org.tr/meryem
https://islamansiklopedisi.org.tr/isa

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top