Bakıda avtobusda cibgirlik edənlər tutuldu - VİDEO


Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində ictimai nəqliyyat vasitəsi olan avtobuslarda cibgirliklə məşğul olan şəxslərə qarşı xüsusi əməliyyat həyata keçirilib.

Bu barədə Yeniavaz.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Əməliyyat zamanı əvvəllər Cinayət Məcəlləsinin müxəlif maddələri ilə dəfələrlə məhkum olunmuş şəxslər Sumqayıt şəhər sakini Nəsimi Babayev və paytaxt sakini Mirfədai Mircəfərli saxlanılıblar. Onların ətraflarında həyata keçirilən tədbirlərlə bu şəxslərin ayrı-ayrı vaxtlarda paytaxt ərazisində fəaliyyət göstərən müxtəlif marşrut xətləri ilə hərəkət edən avtobuslarda 25 nəfərin cibindən pul, mobil telefonlar və digər qiymətli əşyalar oğurladıqları məlum olub.

Qeyd edək ki, Nəsimi Babayev cibgirlik edəndən sonra əldə etdiyi əşyaları yanında dayanan Mirfədai Mircəfərliyə ötürürmüş. Sonuncu isə öz növbəsində hadisə yerindən uzaqlaşırmış. Bu iki şəxsin etdiyi cibgirlik cinayətlərinin bir neçəsi müşahidə kameraları vasitəsi ilə də lentə alınıb. Onlar ifadələrində cibgirlik yolu əldə etdikləri pul kisələrindəki maddi vəsaitləri götürəndən sonra həmin əşyaların içində olan sənədləri və bankomat kartlarını yandırdıqlarını, mobil telefonları isə paytaxtın müxtəlif nöqtələrində yerləşən mağazalarda satdıqlarının qeyd ediblər.

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən digər bir əməliyyat zamanı avtobuslarda cibgirliklə məşğul olan daha iki nəfər saxlanılıb. Əməliyyat nəticəsində əvvəllər dəfələrlə məhkum olunan Sumqayıt şəhər sakinləri Bəradər Ağamalıyev və Şahin Rizvanov tutulublar. Əldə edilən kamera görüntülərindən və bu şəxslərin ətraflarında aparılan əməliyyat tədbirlərindən sonra müəyyən edilib ki, onlar hər gün Sumqayıtdan Bakıya gələrək paytaxt ərazisindəki avtobuslarda cibgirliklər ediblər

Qeyd edək ki, saxlanılan zaman Bəradər Ağamalıyev və Şahin Rizvanovun üzərindən 4 qrama yaxın heroin və cibgirlik edən zamanı əldə etdikləri bank kartlarından bəziləri aşkar olunaraq götürülüb. Aşkar edilən faktlarla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, onların ətraflarında istintaq-əməliyyat tədbirləri davam etdirilir. Nəsimi Babayev, Mirfədai Mircəfərli, Bəradər Ağamalıyev və Şahin Rizvanovun paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə, bölmələrinə, habelə, Bakı Şəhər Baş Polis İdarəsi və Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat vermələrini xahiş edirik.

DİGƏR XƏBƏRLƏR

Top