Nardaranda şəhidin dəfnində nə baş verib? - DİN-dən AÇIQLAMA


"Şuşa şəhəri uğrunda gedən döyüşlərdə ağır yaralanaraq 6 aydır hospitalda müalicə alan və ötən gün şəhid olan Nardaran qəsəbə sakini Hüseyn Xəlilovun dəfnində polislə yerli kənd sakinləri arasında xoşagəlməz hadisə yaşanıb. Sakinlərin iddiasına görə, şəhidin dəfnində iştirak etmək istəyən sakinlərdən həbs edilənlər var".
Yeniavaz.com
xəbər verir ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov, digər şəhidlərimiz kimi H.Xəlilovun da dəfn mərasimi ölkədə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq həyata keçirildiyini bildirib:  
"Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb ağır yaralanan qazimiz Hüseyn Xəlilov həkimlərin səyinə baxmayaraq dünən şəhidlik zirvəsinə ucalıb. Dəfndə yalnız şəhidin yaxın qohumları iştirak edib. Buna baxmayaraq bir qrup insanın da dəfnə qatılmağa cəhd etməsi xüsusi karantin qaydalarına zidd olub.
Buna görə də polis həmin şəxslərlə izahedici söhbətlər aparılıb və hamısına xəbərdarlıq edilib. Dəfndə saxlanılan və ya həbs edilən olmayıb. Eyni zamanda, heç bir insident və qarşıdurma halı qeydə alınmayıb".

DİGƏR XƏBƏRLƏR

Top