İkiuşaqlı ananın evindən zorla çıxarılması iddiası ilə bağlı DİN-dən AÇIQLAMA - YENİLƏNİB


Zaqatala icra məmurlarnın məhkəmə qərarı olmadan ikiuşaqlı ananı evdən çıxarıb küçəyə atması ilə bağlı iddia barədə xəbər vermişdik.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan polis baş leytenantı Mahir Mənsimov Yeniavaz.com-a açıqlama verib və iddiaların həqiqəti əks etdirmədiyini bildirib:
“Zaqatala rayon sakini Gülxar Zamanovanın azyaşlı övladları ilə birlikdə qanunsuz olaraq evdən çıxarılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər və səsləndirilən fikirlər həqiqəti əks etdirmir.
Belə ki, həmin qadının keçmiş əri Məmməd Məmmədovun qohumu Mehbarə Bayramovaya məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində icazəsiz və hər hansı bir sənədi olmayan ev inşa edilib. 2017-ci ildə həmin torpaq sahəsinin M. Bayramova tərəfindən digər bir vətəndaşa satılmasına baxmayaraq, Gülxar Zamanova oranı tərk etməkdən boyun qaçırıb. Şəki Apelyasiya Məhkəməsinin ərazinin boşaldılmasına dair qərarına əsasən həmin yerə gələn Zaqatala rayon İcra və Probasiya şöbəsinin əməkdaşlarına qarşı qadının azyaşlı övladları tərəfindən soyuq silahdan istifadəyə cəhd olunub. Asayişin təmin edilməsi məqsədilə orada  olan polislərin çevikliyi nəticəsində baş verə biləcək xoşagəlməz hadisənin qarşısı alınıb.
Ailə üzvləri Zaqatala Rayon Polis Şöbəsinə dəvət olunub, profilaktik söhbətlər aparılıb və qanunun tələbləri onlara izah edilib”.
Qeyd edək ki, vəkil Əhməd Nəbiyev, sözügedən məsələdə qadının haqlı olduğuna dair əlində məhkəmə qərarının olduğunu və ailənin qanunsuz olaraq həmin evdən çıxarıldığını iddia etmişdi.

***25 aprel, saat 15:32
Zaqatala icra məmurları məhkəmə qərarı olmadan ikiuşaqlı ananı evdən çıxarıb küçəyə atıblar.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı görüntüləri vəkil Əhməd Nəbiyev sosial şəbəkələrdə paylaşaraq bunları yazıb: "Zaqatala şəhərində bu gün (red 22 aprel) İcra məmuru Elvin Əhmədov, məhkəmə qərarı olmadan, 2 azyaşlı uşağı olan Gülxar Zamanovanı evindən çıxarıb küçəyə atdı, evin əşyalarını isə özü ilə apardı. Zaqatalada icra məmuru istədiyini edir, xahiş edirəm tədbir görün. İkiuşaqlı qadın küçədə qalıb, icra məmuru məhkəmə sədrinə qulaq asmır".

Vəkil daha sonra qeyd edib ki, Ədliyyə nazirliyinə müraciət etsələr də cavab verən yoxdur: "22.04.2021-ci il tarixində Zaqatalada İcra məmuru Elvin Əhmədovun və polis kapitanı İlqar Xalıqovun məhkəmə qərarı olmadan 2 azyaşlı uşağı ilə ananın evindən küçəyə atılma anın bir hissəsinin video görüntüləri. Zaqatala Məhkəməsinin hakimlərinin bu hadisədən məlumatları olsa da, icra məmuruna sözlərini keçirə bilmirlər. Ədliyyə Nazirliyi isə 5 gündür telefonlara cavab vermir. Zaqatalada icra məmuru istədiyi qanunsuzlugu edir".

O icra məmurunun qansuzluq etdiyi ilə bağlı əlində məhkəmə qərarının olduğunu bildirib: "Hörmətli izləyicilər, paylaşdığım və yazdıqlarının tam əsası vardır. Videoda görünən polis uşaqların anasını zorla polisə aparır, barəsində polisə tabe olmama barədə protokol yazır, günü axşamadək polisdə saxlayır ki, icra məmuru evi rahatlıqla boşaltsın və məhkəməyə gedir, məhkəmə isə polisin yazdığı ptokola xitam verir ki, burda qadın haqlıdır, o evdən çıxarıla bilməz. Yazdıqlarımı təsdiq edən məhkəmə qərarları var".
Həmin görüntüləri təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top