"Abituriyent sual kitabçasının şəklini çəkməyə nail olubsa, deməli imtahan qaydalarını pozub"


Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 22-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçirilib. Məlumata görə, ötən buraxılış imtahanlarında 4 abituriyent sual kitabçasının şəklini çəkərək sosial şəbəkələrdə paylaşmışdı və artıq onların kimliyi müəyyən olunaraq, haqlarında araşdırma başladılıb. Bundan sonra DİM açıqlama verdi ki, imtahan başa çatdıqdan sonra da DİM tərəfindən yoxlama aparılır. Əgər qayda pozuntuları aşkarlanarsa, həmin şəxslərin nəticələri ləğv olunacaq.
DİM-in abituriyentlər qarşısında belə tələb qoyması nə dərəcədə doğrudur? 

Məsələ ilə bağlı təhsil eksperti Qoşqar Məhərrəmovla əlaqə saxladıq. O, Yeniavaz.com-a açıqlamasında bildirdi ki, sual kitabçasının imtahan zalında fotosunu çəkmək qanunsuzluq sayılır:
“O Dövlət İmtahan Mərkəzinin sənədidir və məxvi sayılır. Sual kitabçasının şəkilini çəkmək əslində imtahan qadağalarını pozmaq deməkdir. Əgər abituriyent imtahan zalında kitabçanın şəklini çəkməyə nail olubsa, deməli imtahan qaydalarını pozub. İmtahan qaydalarında qeyd olunub ki,  imtahana mobil telefon və digər rabitə vasitələri gətirmək və sual kitabçasını ikinci bir şəxsə vermək qadağandır. Buna görə də DİM-in imtahan nəticələrini ləğv etmək kimi səlahiyyəti var. Əgər imtahan kitabçası abituriyentə verilirsə, bu, artıq onun mülkü sayılır. Həmin şagird də onun qarşılığında müəyyən vəsait ödəyir. Bu zaman o, sual kitabçasını paylaşa da bilər, ata da bilər. Fotolar imtahan otağında çəkilərsə, ciddi qanun pozuntusu sayılır. Abituriyentlər əgər imtahanda olan suallardan hər hansısa birinin yalnış olduğunu düşünürsə, bu zaman Apellyasiya Komissiyasına müraciət edə bilərlər”. 

Nə zaman abituriyentin imtahan nəticələri ləğv oluna bilər?
- Saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmək və ya sərxoş vəziyyətdə gəlmək;
- İmtahana mobil telefon və digər rabitə vasitələri, xarici yaddaş qurğusu, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər  yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək;
- Yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu kimi əşyalarla imtahan binasına girmək, özü ilə tütün məmulatı gətirmək;
- Səbəbindən asılı olmayaraq, imtahan zalında yerini dəyişmək, gəzişmək, yerindən durmaq və digər hərəkətlərlə imtahanın gedişinə mane olmaq, “İmtahan başlandı!” elan olunan andan 2 saat müddət  keçənədək və imtahanın son 15 dəqiqəsi ərzində  zaldan çıxmaq;
- Başqasının nəticəsinə təsir göstərmək, o cümlədən başqasının cavab kartına (vərəqinə), sual kitabçasına baxmaq və ya öz cavab kartına (vərəqinə), sual kitabçasına başqasının baxmasına şərait yaratmaq, sualın cavabını soruşmaq və ya bildirmək;
- Nəzarətçiyə və ya digər şəxslərə  tapşırıqların həllində kömək üçün müraciət etmək;
- Cavab kartını (vərəqini) və sual kitabçasını zədələmək, onları nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top