“DİM daha ciddi işlərə zaman ayırsın” - Ekspert


“DİM (Dövlət İmtahan Mərkəzi) açıqlayıb ki, imtahandan sonra sual kitabçasının şəklini çəkərək sosial şəbəkələrdə yayanlar haqqında araşdırma aparılır. O nəhənglikdə DİM imtahandan sonra imtahan suallarını müzakirə edənləri araşdırır. Hansı ki, normalda bunu özü təşviq etməlidir, özü bu sualları dərhal açıqlayıb izahatlar verməlidir”.
Yeniavaz.com
xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri, ekspert Osman Gündüz özünün feysbuk səhifəsində yazıb. O bildirib ki, DİM-in test bazası yetərli deyilsə, gücləndirmək üçün  hökumətə əlavə resurslarla bağlı müraciət etməsi daha məntiqli olardı:
“Ciddi dövlət qurumlarından qeyri-ciddi rəsmi açıqlamalar oxuyanda çox təəccüblənirəm və təəssüf hissi keçirirəm. Qurum deyir ki, bu cür qayda pozuntularına yol vermiş şəxslərin nəticələri ləğv olunacaq. Bu olmadığından repetitorlar, kurslar, məktəblər imtahandan sonra özləri uşaqlardan soruşub keçmiş imtahanla bağlı sual kitabçasını formalaşdırmaq məcburiyyətində qalırlar.
Burada hansı qanun pozuntusu var, hansı xəta törədilib?
Dövlət resursları hesabına formalaşan və istifadə edilən sual kitabçasının paylaşımında, müzakirəsində hansı hüquq pozuntusu var?
Əgər test bazası yetərli deyilsə, yeni testlər üçün DİM-in pulu yoxdursa, eyni tapşırıqlardan istifadə etmək məcburiyyəti varsa, onda DİM-in təhsil alan və təhsil verənlərə xəbərdarlıq əvəzinə test bazasını gücləndirmək üçün hökumətə əlavə resurslarla bağlı müraciət etməsi daha məntiqli olardı.
Eyni zamanda tövsiyyə edərdim ki, bu cür ciddi, oturuşmuş ənənəsi olan, yetərincə peşəkarları olan dövlət qurumu daha ciddi əhəmiyyət kəsb edən işlərə zaman ayırsınlar.
Məsələn, DİM daha doğru olardı ki, İnformatika müəllimi və İT ixtisası seçənlərdən, nə qədər absurd səslənsə də, kimyadan imtahan götürmək əvəzinə İnformatikadan imtahan salınması və onun kontent bazasının formalaşdırılması üzərində araşdırmalar aparsın”.

DİGƏR XƏBƏRLƏR

Top