Nazir müavini əlillik meyarları, mənzil və məşğulluqla bağlı qaziləri qəbul edib - AÇIQLAMA


“Bu gün Vətən müharibəsi qazilərindən təxminən 10 nəfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yaxınlaşdılar. Onların müəyyən sorğuları, şikayət xarakterli müraciətləri var idi. Dərhal onlar nazirliyə dəvət olundular”.
Yeniavaz.com
xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctiamiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib. O bildirib ki, qailərin müraciəti qeydə alınıb və bu istiqamətdə müvafiq tədbirlər görüləcək:
“Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev və aidiyyatı şöbənin rəhbər vəzifəli şəxsləri qazilərimizlə görüşdülər, onları dinlədilər. Hər bir qazimizin müracəti qeydə alındı. Onların müraciətlərinin bir hissəsi əlillik meyarları ilə bağlı idi. ƏƏSMN qanunvericiliyə uyğun olaraq əlillik meyarlarını təyin edir. Əlillik təyinatının birinci hissəsi səhhiyyə müəssisələri tərəfindən gələn göndəriş və orada yazılan diaqnozlardır. Nazirliyin müvafiq qurumu da məhz o diaqnozlar əsasında əlillik qrupu təyin edir. Qazilərimizə bu izah edildi. Onların əlillik meyarlarının dəyişdirilməsi ilə bağlı müəyyən təklifləri oldu. Bunların hamısı qeydə alındı və aidiyyatı qurumlarla bu istiqamətdə iş aparılacaq. Həmçinin, bir neçə qazimizin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciəti var idi. Bu istiqamətdə onlara dəstək göstəriləcəyi bildirildi. Müraciətlərin bir istiqaməti məşğulluqla bağlı idi. Bu barədə də dərhal tapşırıq veriləcək və onların işlə təminatı ilə bağlı müvafiq tədbirlər görüləcək”.
Qeyd edək ki, bu gün olduğu kimi bir qrup Vətən müharibəsi qazisi sözügedən problemlərlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında dəfələrlə aksiyalar keçirərək problemlərinin həlli istiqamətində addımlar atılmasını tələb edirlər.

DİGƏR XƏBƏRLƏR

Top