Qalmaqallı görüntüləri yayılan Hüseynbala Mirələmov kimdir? – DOSYE


Xəbər verdiyimiz kimi, ötən gün sosial şəbəkələrdə sabiq Millət vəkili, Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin(ADNSU) Qaz Neft Mühəndisliyi fakültəsinin kafedra müdiri Hüseynbala Mirələmovun biabırçı görüntüləri yayılıb.
Yeniavaz.com
açıq internet resurslarındakı məlumatlar əsasında H. Mirələmovun dosyesini təqdim edir:
Hüseynbala Mirələmov 1945-ci il iyun ayının 25-də Lerik rayonunun Nuravud kəndində anadan olub. 1964-cü ildə Lənkaran şəhəri 2 № li məktəbin XI sinifini gümüş medalla bitirib. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki ATU) İnşaat fakültəsinin  "Sənaye və mülki tikinti" ixtisasını bitirib. 1970-1971-ci illərdə Kalininqrad vilayətinin Baltiysk şəhərində hərbi xidmətdə olub.    
1965-ci ildən “Azərbaycan pioneri” qəzeti redaksiyasının Ədəbiyyat şöbəsinin “baş ədəbi” işcisi olub. 1972-ci ildən Azərbaycan Dövlət Qazlaşdırma Komitəsinin 4 saylı Qaz tikintiquraşdırma  idarəsində iş icraçısı, baş mühəndis və rəis işləyib. 1986-cı ildən “Azərqaztəmirtikinti” Trestinin rəisi, 1988-ci ildən Maye Qaz İstehsalat Birliyinin rəisi, 1989-cu ildən Azərbaycan Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini vəzifələrində çalışıb.  1992-ci ildən biznes fəaliyəti ilə məşğul olub. 1996-cı ildən “Bakqaz” İstehsalat İdarəsi rəisinin müavini, 1998-ci ildən Azərbaycan Qaz Emalı Zavodunun direktoru olub. 1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. YAP Xətai rayon təşkilatının sədridir.  
2005 , 2010 və 2015-ci illərdə  33 saylı Xətai birinci seçki dairəsindən III, IV və V çağırış Milli Məclisə deputat seçilib. Milli Məclisin Aqrar siyasət və Mədəniyyət Komitələrinin üzvü olub. Azərbaycan-Amerika Birləşmiş Ştatları,  Azərbaycan-Böyük Britanya, Azərbaycan-Litva,  Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə parlamentlerarası əlaqələr üzrə işci quruplarının üzvü, Azərbaycan-Kuveyt parlamentlərarası işci qurupunun isə rəhbəri olub.
Yazıçı kimi ədəbiyyata 7-ci sinifdə oxuyarkən, 1961-cı ildə “Bir tikə çörək” hekayəsi ilə gəlib. İlk hekayələr kitabı – “Tənha durna uçuşu” 1986-cı ildə işıq üzü görüb. “Molodaya qvardiya” nəşriyyatının “Görkəmli adamların həyatı” seriyasından Ulu Öndər Heydər Əliyev, görkəmli oftalmoloq alim Zərifə Əliyeva və Prezident İlham Əliyev  haqqında qələmə aldığı kitablar 40-dan artıq xarici dilə tərcümə olunaraq nəşr edilib. 30-dan artıq bədii və publisistik kitabın müəllifidir.
Hüseynbala Mirələmov Azərbaycan Mühəndislər Akademiyasının müxbir üzvü, Beynəlxalq mühəndislər, Rusiya Mədən Akademiyasının üzvüdür. Azərbaycan, Qırğızıstan, Asiya və Afrika Ölkələri Yazıçılar birliklərinin üzvüdür. Texnika elimləri doktoru, professorudur. 
Onun müəllifi və həmmüəllifi olduğu “Nanotexnaologiya və nanokimyanin əsasları” , “Neftin və qazın boru kəmərləri ilə nəqli” , “İnşaat istilik fizikası” , “Qaz emalı zavodlarında təhlükəsizlik qaydaları”, “Boru kəmərləri və konsturuksiyaların qaynağı” və digər elimi nəşirlər də hazırda ali məktəblərdə  dərs vəsaiti kimi istifadə olunan kitablardandır.
Ailəlidir, 4 övladı var. 
H. Mirələmovun 3 oğlu hazırda yüksək vəzifələrdədir. Bu barədə hələ 2018-ci ildə H. Mirələmovun özü ölkə mətbuatına açıqlamasında deyib. O bildirib ki, övladlarından 2-si polis, 1-i isə diplomatdır. Fuad Mirələmov Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsində müstəntiq, Fərid Mirələmov Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis idarəsinin rəis müavini, Rauf Mirələmov isə Xarici İşlər nazirliyində diplomatdır, 1-ci katibdir.
Xatırladaq ki, artıq H. Mirələmov Azərbaycan Dövlət Neft və Sənaye Universitetindəki vəzifəsindən uzaqlaşdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top