Baş Prokurorluq həbs olunan şəxsi yenidən həbs edib? - FOTOFAKT


Bu gün Baş Prokurorluq “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sədri Oruc Məmmədov həbs edilib” başlıqlı məlumat yayıb.
Yeniavaz.com
xəbər verir ki, əksər xəbər saytları Baş Prokurorluğa istinadən 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sədri Oruc Məmmədovun həbs olunduğu xəbərini yayıb.
Lakin, qeyd edək ki, Baş Prokurorluq 4 ay əvvəl – ötən ilin dekabr ayının 18-də 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sədri işləmiş Oruc Məmmədov həbs edilmişdir” başlıqlı daha bir məlumat yayıb.
Baş Prokurorluğun 4 ay əvvəl yaydığı məlumatda belə qeyd olunub:
17 dekabr 2020-ci il tarixdə Oruc Məmmədova Cinayət Məcəlləsinin 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) və 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələri ilə ittiham elan edilmiş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Baş Prokurorluğun  bu gün yaydığı məlumatda isə belə qeyd olunub:
Qeyd olunanlarla bağlı Oruc Məmmədova Cinayət Məcəlləsinin 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) və 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələri ilə ittiham elan edilmiş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Onu da bildirək ki, 4 ay əvvəl Oruc Məmədov qanunsuz olaraq əlillik dərəcəsinin təyin edilməsi üçün vətəndaşdan 2 min 500 manat rüşvət almağa görə ittiham olunub. Bu gün isə koronavirus infeksiyasına yoluxan şəxsin FHN-nin Zığ qəsəbəsində yerləşən Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalına yerləşdirilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşdan 4 min manat almasına görə ittiham olunub.

A.Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top