Son 3 ayda 107 milyon manat qazanan 3 bankın sahibləri kimdir? – SİYAHI


Bu ilin ilk rübü ərzində Azərbaycanda fəaliyyət göstərən 26 bankın xalis mənfəəti  148,8 milyon manat olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, ötən ilin ilk rübü ilə müqayisədə 9% və ya 15 milyon manat azdır.
Onu da bildirək ki, bankların ümumi mənfəətinin 72% və ya 106,7 milyon manatı 3 bankın – “Kapital Bank” (55,5 miyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (32,4 milyon manat) və “Paşa Bank”ın (18,8 milyon manat) payına düşüb.
Qeyd edək ki, “Kapital Bank” ASC-nin səhmlərinin 99,87%-i “Paşa Holdinq”ə, 0,13%-i isə fiziki şəxslərə aiddir. Bankın nizamnamə kapitalı 245,8 milyon manat təşkil edir. “Kapital Bank” Müşahidə Şurasının sədri “Paşa Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov, İdarə heyətinin sədri isə Rövşən Allahverdiyevdir. 
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmlərinin 91,4%-i Maliyyə Nazirliyinə, 3,76%-i Əmlak Məslələri Dövlət Xidmətinə, 0,13% “Aqrarkredit” QSC-yə, 0,33%-i digər hüquqi şəxslər, 4,38%-i isə fiziki şəxslərə aiddir. Bankın nizamnamə kapitalı 1 milyard 241,3 milyon manat təşkil edir.  “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə heyətinin sədri Abbas İbrahimov, Baş direktoru isə Fuad İslamovdur. 
“PAŞA Bank” ASC-nin səhmlərinin 56,82%-i “Paşa Holdinq”ə, 28,18%-i ADOR MMC-yə, 9,99%-i Arif Paşayevə, 5%-i isə Mir Camal Paşayevə aiddir. Bankın nizamnamə kapitalı 354,5 milyon manat təşkil edir.  “Paşa Bank” Müşahidə Şurasının sədri  Mir Camal Paşayev, İdarə heyətinin sədri isə Taleh Kazımovdur. 
A. Cəfərov
 

DİGƏR XƏBƏRLƏR

Top