Bu şirkət Bakı Şəhər İcra Hakimiyyətinə 54 min manatlıq it yemi satacaq – MÜƏMMA


Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com-un məlumatına görə, tender müsabiqəsinin qalibi “Peyk-KN” MMC (VÖEN-1003031041) olub. Müsabiqənin şərtinə görə Mənzil-Kommunal Təsərrüfatı Departamenti “Peyk-KN” MMC-dən itlər üçün quru yemlər alacaq və bunun üçün 53 min 520 manat ödəniləcək.
Qeyd edək ki, itlər üçün alınacaq quru yemlərə aşağıdakılar daxildir:
1. Böyük itlər üçün mal ətindən hazırlanmış quru yem – 12 300 kiloqram
2. Balaca itlər üçün qarışıq tərkibli quru yem – 2 600 kiloqram
Qeyd edək ki, “Peyk-KN” MMC 06.08.2013-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Binəqədi rayonu Azadlıq pr., ev 165, m. 62-də yerləşir. MMC-nin qanuni təmsilçisi Asif Hacı Hacı oğludur.
Onu da bildirək ki, “Peyk-KN” MMC ötən ilin yanvar və bu ilin fevral aylarında da Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi tərəfindən keçirilən tender müsabiqələrində qalib olub. “Peyk-KN” MMC Sanitariya və Texniki Təmizlik İdarəsinə ümumi dəyəri 318 min manat olan Kamaz və Maz markalı avtomobillər üçün ehtiyyat hissələri satıb.
Məlumat üçün qeyd edək ki, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Bakı Şəhər İcra Hakimiyyəti Başçısının "Bakı şəhər mənzil-kommunal təsərrüfatının idarəetmə sistemini təkmilləşdirmək tədbirləri haqqında" 12 may 1999-cu il tarixli, 444 saylı sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı strukturunda şəhər üzrə mənzil-kommunal xidməti sahəsində vahid idarəetmə orqanı kimi yaradılıb. 
A. Cəfərov
 

DİGƏR XƏBƏRLƏR

Top