"Sülhməramlıların Xankəndidə parad keçirməsində problem görmürəm" - Şair Ramaldanov


“Rus sülhməramlıların Xankəndidə parad keçirməsində problem görmürəm. Bu paradı faşizm üzərində qələbənin rəmzi kimi qiymətləndirmək lazımdır. Biz də erməni faşizmi üzərində qələbə çalmışıq. Digər tərəfdən tarixi hadisələr onu göstərir ki, faşizm heç bir yerdə sona kimi gedə bilmir və gec-tez öz cəzasını alır. Postsovet məkanlarında 9 May Qələbə gününü qeyd etməyən yer çətin tapılar”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov saytımıza açıqlamasında bildirib. 
Ekspert bildirib ki, orada keçirilənə parad demək olmaz, parad daha çox texnikanın nümayişi ilə baş verir:
“Bu sadəcə faşizm üzərində qələbə çalanlara etiram əlamətidir və onların xatirələri yad edilir. Burada musiqi sədaları altında 400 nəfərdən ibarət təntənəli yürüyüş ola bilər. Bunda da heç bir problem görmürəm. Biz hər birimiz o nəsilin övladlarıyıq, davamçılarıyıq. Onları yad etmək normal hadisədir. Əlbəttə sülhməramlı qüvvələrin bir missiyası var. Əgər keçirilən tədbirlər onların missiyasına maneə yaratmırsa, heç bir problem yoxdur. İndi gedib paradı, Rusiyanın hansısa şəhərində və ya başqa yerdə keçirməyəcəklər ki. Hərbiçilər, sülhməramlılar, bu günü qeyd edirlər.
Faşizmin fərqi yoxdur, almandır ya erməni. Biz də erməni faşizmi üzərində qələbə çalmışıq. Bu paradı da faşizm üzərində qələbə çalınıb kimi qiymətləndirmək olar. Sadəcə bu, Azərbaycan ərazisində keçirilirsə, bəzi məsələlər Azərbaycan tərəfi ilə razılaşdırıla bilərdi. Bugünkü vəziyyət onu göstərir ki, biz hələ yolun əvvəlindəyik və hər şey istədiyimiz kimi getmir. Amma gələcəkdə sülhməramlıların olduğu yerdə də Azərbaycan qanunları keçərli olacaq. Hətta faşizm üzərində qələbə Xankəndidə, o cümlədən digər Qarabağ ərazilərində Azərbaycanın nəzarəti altında qeyd olunacaq. İndi isə yaranmış vəziyyətə, olduğu şəraitə görə sülhməramlıların bu addımında problem görmürəm. Bu, tarixi hadisədir, ona verilən qiymətdir və sülhməramlıların missiyasına maneə olmur”.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top