
Məlum olduğu kimi, bir həftə əvvəl - aprelin 14-də SOCAR və Belarusun Dövlət Neft və Kimya Konserni (“Belneftexim”) arasında qarşılıqlı anlaşma Memorandumu imzalanıb. Sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Belneftexim” Konserninin sədri Andrey Rıbakov imzalayıb. Memorandumda tərəflərin neft və neft məhsullarının istehsalı və reallaşdırılması sahəsində imkanlarının genişləndirilməsi nəzərdə tutulur.
Yeniavaz.com xəbər verir ki, SOCAR və “Belneftexim” arasında imzalanan Memorandumdan 5 gün sonra – aprelin 19-da ABŞ tərəfindən Belarusun 9 şirkətinə, o cümlədən də “Belneftexim”ə qarşı sanksiya tətbiq olunub.
ABŞ Maliyyə Nazirliyi tərəfindən verilən məlumatda bildirilir ki, Belarus hakimiyyəti tərəfindən insan haqlarının açıq şəkildə pozulması və Belarusun bu sahədəki beynəlxalq öhdəliklərini yerinə yetirməməsi səbəbindən 9 şirkətə qarşı tətbiq olunan və 2015-ci ildə dayandırılan sanksiyalar yenidən bərpa olunur.
ABŞ Maliyyə Nazirliyinin açıqladığı sənəddə qeyd olunur ki, sanksiyalar Belarusun “Neft Trading House”, “Belneftexim”, “Belneftexim USA”, “Belşina”, “Grodno Azot”, “Grodno Ximvolokno”, “Lakokraska”, “Naftan” və “Polotsk Fiberglass” şirkətlərinə tətbiq olunacaq. ABŞ vətəndaşları və şirkətlər bu müəssisələrlə əməkdaşlığı 3 iyun 2021-ci il tarixinədək sona çatdırmalıdırlar. Eyni zamanda bu müəssisələrdə 50% və ya daha çox paya sahib olan digər şirkətlərlə də hər hansı bir əməkdaşlıq qadağan edilir.

A. Cəfərov