Medianın İnkişaf Agentliyi bu tədbirlər üçün 79 min manat xərcləyib - TENDER


"Azərbaycan Respublikasının Medianın İnkişaf Agentliyi" Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "Sinergi Partnerşip" MMC olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumata istinadən bildirir ki, "Sinergi Partnerşip" MMC Medianın İnkişaf Agentliyinin sifarişi əsasında 9-11 aprel 2021-ci il tarixlərində Bakı şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısının, habelə Şuranın media və informasiya sahəsində əməkdaşlıq üzrə işçi qrupunun 8-ci iclasının təşkili ilə bağlı xidmətləri həyata keçirib. Qeyd olunan xidmətlərin qarşılığında Medianın İnkişaf Agentliyi "Sinergi Partnerşip" MMC-yə 78 min 927 manat 61 qəpik ödəyib.
Məlumat üçün bildirək ki, "Sinergi Partnerşip" MMC 13.02.2008-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Nizami Nərimanov, ev 87, m 8-də yerləşir. Şirkətin qanuni təmsilçisi Abbasov Rüfət Aydın oğludur.
"Sinergi Partnerşip" MMC-nin qanuni təmsilçisi Rüfət Aydın oğlu Abbasov daha əvvəl ölkənin aparıcı özəl telekominikasiya şikəti olan "Azercell Telekom" MMC-nin mətbuat xidmətinin rəhbəri olub. 1984-cü ildə anadan olan Rüfət Abbasov 2003-2006-cı illərdə “Reuters” Beynəlxalq İnformasiya Agentliyində müxbir işləyib.
Onu da qeyd edək ki, "Sinergi Partnerşip" MMC ötən il Azərbaycan Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafina Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən keçirilən 120 min manatlıq tender müsabqiəsinin də qalibi olub. Bundan başqa "Sinergi Partnerşip" MMC 2019-cu ildə "Aztelekom" MMC-nin keçirdiyi 25 min manatlıq tender müsabiqəsinin də qalibi olub.
A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top