Tarix boyu qadınların həyat tərzində və sosial münasibətlərində məhdudlaşdırıcı bir anlayış olub. Fərqli mədəniyyətlərdən olan qadınların ortaq xüsusiyyətlərindən biri də kişilərin üstün tutulduğu bir cəmiyyətdə yaşamaları idi və bu da onların təhsil almalarında, haqlarını tələb etmələrində bir sıra problemlərə gətirib çıxarırdı. Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev 1901-ci ildə Bakı şəhərində müsəlman Şərqində ilk qızlar məktəbi açaraq, kişi və qadın bərabərliyində mühüm addım atmış olur. Özünün təhsilsiz olmasına, dövrün yerli ruhanilərinin maneçilik törətməsinə baxmayaraq, o, qızların təhsil almalarının vacib olduğunu vurğulayırdı və gəncləri öz hesabına oxudurdu. Z. Tağıyevin dediyi kimi “Bir kişinin təhsil alması, yalnız savadlı bir insanın olması deməkdir. Amma bir qadının təhsil alması gələcəkdə həm savadlı qadın, həm də dünyagörüşlü bir ana deməkdir”. Bəli, həqiqətən də bir qadının təhsil alması onun cəmiyyət üçün savadlı övlad yetişdirməsi deməkdir. Eyni zamanda araşdırmalara görə savadlı, hüquqlarını bilən bir qadın daha az zorakılıq halları ilə rastlaşır. Bəs ölkəmizdə qızların təhsildən yayındırılmasının səbəbləri nələrdir? Yetkinlik yaşına çatmayan qızları təhsildən uzaqlaşdıran valideynlər hansı məsuliyyətə cəlb edilə bilərlər?
Azərbaycanda qızların təhsildən yayındırılması, onlara qarşı zorakılıq halları ilə bağlı “Fraza” jurnalına danışan gender əsaslı zorakılıqla əlaqədar yaradılan “860” qaynar xəttinin rəhbəri Günel Aslanova təhsilli olmağın zorakılığa məruz qalma hallarını xeyli azaltdığını bildirdi: “Qadının təhsilli olması və işləməsi özünü daha yüksək iqtisadi azadlıqla təmin etməsi deməkdir. Təəssüf ki, bəzi ailələr qızlarını təhsildən yayındıraraq, onları erkən evliliyə sövq edirlər. Ümumiyyətlə, azyaşlı qız tez ailə qurmağa sövq edilirsə, bu uşaq zorakılığı ilə bağlı məsələdir. Bu da ənənəvi baxışla icma daxilində həmin ənənələrin qorunub saxlanılması ilə əlaqədardır. Yəni, həmin uşağın gözünü açdığı icmada erkən evlilik normal qəbul edilir. Belə olan halda yetkinlik yaşına çatmayan uşaq sizcə nə dərəcədə öz hüquqları haqqında məlumatlı olacaq və ya bununla necə mübarizə aparmalı olduğunu biləcək? Ümumiyyətlə, o bunun nə dərəcədə yanlış olduğunu belə bilməyəcək. Burada yenə təhsilin rolu ön plana keçir. Əgər qadın təhsilli olarsa, o öz hüquqlarını bilmiş olacaq. Burada icma qanunlarının aradan qaldırılması, resursların (oxumaq üçün kitab, jurnal və s.) əlçatan olması çox vacibidr.
Erkən evlilik məsələsi icmada bir ənənə halını alarsa, kənardan müdaxilə olmasa vəziyyət bu şəkildə də davam edəcək. Ora müəyyən qurumlar tərəfindən müdaxilə olarsa, ən azı insanlar arasında belə bir fikir yaranacaq ki, bu, doğru deyil. Eyni zamanda hüquq-mühafizə orqanlarının müdaxiləsi də çox vacibdir. Bu hüquq və psixologiya arasındakı həll məsələsidir. Yəni, hüquq vaxtında müdaxilə etməli, psixoloq da dəstək olmalıdır ki, həmin şəxslər bu fikirlərindən daşınsınlar. Qızların təhsildən yayındırılması ilə bağlı həm məktəblərlə, həm də valideynlərlə maarifləndirmə işləri aparılmalıdır. Burada sual yarana bilər ki, nəyə görə ikitərəfli? Çünki bir tərəf məsələyə qapalı olsa belə, ən azı digər tərəf, yəni uşaq öz hüquqlarını öyrənəcək. Uşaq onu təhsildən uzaqlaşdırıb məcburi evliliyə sövq edilməsinin hüquqa zidd olduğunu bilməlidir. Məktəb bu mövzuda daha aktiv işləməlidir, dərsdən yayınma halları müşahidə etdikdə, onun qarşısı almalıdır. Uşaqlar belə mövzularda tamamilə nəticədən xəbərsiz olurlar. Onlar həmin mühitdəki dəyərlərlə əhatə olunduqlarından, böyük ehtimalla elə düşünürlər ki, bu belə də olmalıdır. Yəni, uşaq, uşaqdır. O müəyyən qədər kimdənsə asılıdır və belə hadisənin qurbanıdır. Ona görə də, əsasən cavabdeh olan qurumlar uşağı qorumaq üçün mübarizə aparmağa başlamalıdırlar”.
Günel Aslanovanın sözlərinə görə bəzi valideynlər qız uşaqlarına “problem” kimi baxırlar: “Şəxsi praktikamdan da deyə bilərəm ki, burada başqa meyarlarla yanaşı maddi vəziyyətin də təsiri var. İnsanlar sanki dünyaya gətirdikləri uşağa “maddi yük” kimi baxırlar və erkən nikaha sövq etməklə bu “yük”dən azad olmağa çalışırlar. Buna görə də, uşaq dünyaya gətirilməsi məsələsinə ciddi yanaşılmalı, məsələnin mahiyyəti izah edilməli, maarifləndirmə işləri aparılmalıdır. Bu cür maarifləndirmələr olmadığı təqdirdə “uşağı dünyaya gətirdim, daha sonra necə azad olum” məsələsi başlayır. Bizim “860” qaynar xəttinə daxil olan müraciətlərdə də erkən nikaha sövq edilən şəxslərlə rastlaşırıq. Bu da psixoloji faktorlardan biridir.
Qız uşaqlarını təhsildən yayındırmaq indiki halda valideyn üçün rahat görünə bilər. Onlar düşünürlər ki, qız uşağı “problem”dir və ondan xilas olum. Halbuki, erkən evliliklə bu “problem” bitmir, əksinə, bundan sonra daha ciddi problemlər sizi gözləyir. Təhsili, savadı olmayan bir qadının həm özü, həm dünyaya gətirdiyi uşaqlar gələcəkdə risk qrupuna daxil olurlar. Bir qadını erkən evliliyə sövq etmək onun hüququnu, azadlığını əlindən almaq deməkdir. Qız uşağı problem deyil. Onu evləndirməklə, sabahın mütəxəssisinin, aliminin qarşısını almış olursunuz. Qadın, qız olmaq utanılacaq, ört-basdır ediləcək bir hal deyil. Problemdən xilas əsasən maariflənmədən başlayır. Psixoloji problemlər belə maariflənmələrlə öz həllini tapır. Yəni, şəxs narahatlığının fərqinə vardıqca sağalır”.
Həmsöhbətimiz zorakılıq hallarında vətəndaş məsuliyyətinin vacibliyini də vurğuladı: “860” qaynar xətti artıq iki aydır fəaliyyətə başlayıb və biz hər dəfə daxil olan zənglərin statistikasını aparırıq. Həmin statistikaya əsasən deyə bilərəm ki, daha çox fiziki və psixoloji zorakılıq faktını müəyyən etmişik. Hətta, bəzən zəng edən şəxsdə eyni anda bir neçə zorakılıq faktına rast gəlirik. Bəzən olur ki, gələn zənglərdə vətəndaş qonşuda, küçədə təsadüfən rastlaşdığı hadisələrə görə müraciət edir. Bu hal bizi çox sevindirir ki, artıq zorakılığa məruz qalan şəxs deyil, bir başqası digərinə etinasız qalmayaraq müraciət edir. Bu kimi dəstəklər zorakılıq hallarında çox vacib məsələdir. Bir daha sizin vasitənizlə oxuculara demək istəyirəm ki, belə məsələlərdə vətəndaş mövqeyinizi əsirgəməyin. Ətrafınızda gördüyünüz hər bir hadisə cəmiyyətin narahatlığıdır. Düşünün ki, siz də bir insanı, bir insanın timsalında bir ailəni xilas edə bilərsiniz. Qeyd edim ki, “860” qaynar xətti həm qadınlar, həm də kişilər üçün daim açıqdır”.
Təhsil almaq icbaridir və hər bir Azərbaycan vətəndaşının haqqıdır. Vəkillər Kollegiyasının üzvü Pərvanə Məmmədova “Fraza” jurnalına müsahibəsində bildirdi ki, təhsil haqqında qanunvericiliyin pozulmasına görə valideynlər övladlarını təhsildən yayındırdıqları halda cərimə oluna bilərlər: “Ailə cəmiyyətin özəyini təşkil edir. Yəni, cəmiyyət ailə fərdlərinin məcmusundan ibarətdir. Cəmiyyətimizin hər bir üzvünün təhsilə ehtiyacı var. Adekvat olaraq da, cəmiyyətin təhsilli şəxslərə tələbatı var. İstər qız, istərsə də, oğlan övladları mütləq təhsil almalıdırlar. Bu onların konstitusion hüquqlarıdır. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən “hər bir vətəndaşın təhsil hüququ var. Bu hüquqlara malik olmaları buna məsul şəxslərin də vəzifələrinin mövcudluğundan xəbər verir. Ümumi orta təhsil icbaridir. Belə olduğu təqdirdə həmin hüququn təmin edilməsinə maneələrə ciddi nəzarət edilməlidir. “Təhsil haqqında” qanunun 34.2.1-ci bəndinə görə övladlarının erkən yaşlarından fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmaq, onların icbari ümumi orta təhsil almasını təmin etmək və mənəvi yetkinliyi üçün məsuliyyət daşımaq valideynlərin vəzifəsidir. Qızların təhsil almalarına maneələr bir çox amillərdən ola bilər. Bəzi ailələr bunu maddi çətinlik, bəzi ailələr isə erkən nikah adətləri ilə əlaqədar etdiklərini əsas gətirirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 181.0.1-ci maddəsinə əsasən təhsil haqqında qanunvericiliyin pozulmasına, yəni, təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından şəxsin məhrum edilməsinə görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilirlər. Həmin məcəllənin 189.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə xəbərdarlıq edilir və ya 40 manatdan 60 manatadək məbləğdə cərimə edilir. Yetkinlik yaşına çatmayanlarla iş üzrə yerli icra hakimiyyətlərində komissiya fəaliyyət göstərir. Bundan başqa, polis idarələrində yeniyetmələrin işləri ilə bağlı olan müvəkkillər çalışır. Ailə Məcəlləsində və Uşaq hüquqları haqqında Qanunda valideynin məsuliyyətindən bəhs edilir. Ancaq heç kim valideynə demir ki, uşağı niyə məktəbə qoymursan. Qəyyumluq və himayəçilik komissiyasının hüququ var ki, valideynlik hüququnun məhdudlaşdırılması barədə iddia qaldırsın. Həmçinin, Baş prokurorluq yanında Cinayət təqibindən kənar icraat idarəsi var, ora da müraciət oluna bilər”.
Vəkil Pərvanə Məmmədovanın sözlərinə görə nə qədər müasir cəmiyyətdə yaşasaq da, təəssüf ki, hələ də belə hallarla rastlaşırıq: “Hətta, Bakıətrafı rayonların birində məktəbə getməyən, oxumağı, yazmağı bacarmayan qızlar da var. Bir hüquqşünas kimi deyə bilərəm ki, bu günə qədər real olaraq kiminsə cərimələndiyini görməmişəm. Ən yaxşı halda məktəb və ya Qəyyumluq və himayəçilk komissiyasının rəhbərliyi ailə ilə profilaktik söhbətlər aparır ki, uşağın icbari təhsili bərpa olunsun. Lakin belə hallarda məktəbin və ya valideynlərin o qədər də istəkli olmasının şahidi olmamışam. Bütün bunların fonunda yenə də ümidsiz deyiləm. Cəmiyyət özü oxuyan və oxumayan arasındakı fərqi hiss edir. Təhsil istər qız, istərsə də oğlan üçün çox vacibdir. Vətəni, ailəni sevmək üçün təhsil almaq vacibdir. Təhsil öz hüquqlarını bilməkdə, onları həyata keçirməkdə böyük imkanlar yaradır.
Təhsilin sevdirilməsi üçün təbliğatlar aparılmalıdır. Burada müəllimlərin də rolu böyükdür. Onların bu məsələni təbliğ etməsi, uşaqlara sevgi göstərməsi vacibdir. Müəllimlik müqəddəs anlayışdır, hər kəs pedaqoq ola bilməz. Müəllimlər sinifdə uşaqların dərsə davamiyyətinin zəif olduğunu hiss etdikdə mütləq Qəyyumluq və himayəçilik komissiyasına, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etməlidirlər”.
Fraza jurnalı,
İlahə Hüseynova