Flora Kərimova: "Sözümü dəyişib məni savadsız kütlənin qarğışına tuş etdiniz"


"Sözümü dəyişib məni savadsız kütlənin qarğışına, söyüşünə tuş etdiniz. Sonra bundan pul qazanıb aparıb evdəki övladlarınıza yedirdiniz. Bəs, sonra? Nuş oldu? Bəs sən, Allah dediyin varlıqdan qorxmadın?"
Yeniavaz.com xəbər verir ki, bu sözləri xalq artisti Flora Kərimova instaqram hesabında yazıb.
O, kulis.az-a verdiyi açıqlamada “Allahın məni cəzalandırmağa ixtiyarı yoxdur” fikrinin təhrif olduğunu bildirib: ““Kütlə”, o qədər cahilsiniz ki, dilimizi rəzilliyə apardığınız kimi, mənasını da başa düşməkdə çətinlik çəkirsiniz! Birinci deyil, onuncu deyil, heç yüzüncü də deyil ki, bu kimi çirkab kampaniyalardan alnım açıq çıxmışam. Bir şey tapmadınız yazmağa? İndi də Allahın qibləsini tanımayan məni 80 yaşımda “Allahsızlıqda” günahlandırır! Yaradanla Allah arasındakı fərqi görmürsünüzsə, bu sizin savadsızlığınızdır.
Bir tikə çörək üçün kişiliyinizi, vicdanınızı, ləyaqətini, qeyrətinizi tapdalamaq yarışına girmisiz! Məni başa düşmək üçün sizin nə yaşınız, nə dünyagörüşünüz, nə intellektiniz, nə də savadınız çatmadı. Heç olmasa Flora deyəni elə təhrif edərdiniz ki, min nəfər inansın! Yaradan “sən”ləri o qədər cılız yaradıb ki, ac qalmamaq üçün mənim təhrif edilmiş cümlələrimə möhtacdırlar”.
Xalq artisti əlavə edib: "Yaradan mənə haqq veribsə, haqqımı çeynəyənlərə halal etmirəm. Dünən biri ölür, tanımadan, bilmədən bu gün nələr yazırsız şərhlərə... Artıq o həddə çatmısınız ki, Allahın qədərinə, yazdığı taleyə, ölümlə lağ-lağa edirsiniz, “şərh yarışına” çıxırsınız. Görən kim daha yaxşı təhqir yazıb, “şərh” tutuzduracaq.  Sizin nədən sığortanız var axı bu həyatda? Özündən əminsən, bəs övladlarındandamı qorxmadın ki, bu qınağa görə Allah başına daş salar?
Virtual qeybətin aludəçiləri, rəzalət içindəsiniz. Yaradan bağışlayacaq sizi? Bəli, demişəm – “Yaradan hər kəsi bağışlasaydı, cəhənnəmi yaratmazdı!” Yaradan mənə haqq veribsə, haqqımı çeynəyənlərə halal etmirəm!  Təəssüf ki, bu günahlarınızı başa düşəcək formada yaradılmadınız. Təkəbbür, kibir, riyakarlıq içindəsiniz. İndi gedin bu müqəddəs ayda ha tövbə edin, ha namaz qılın!
Ömrümü mən boşuna yaşamadım. Millətimin, xalqımın, insanların və ən əsası Yaradanımın yanında sədaqətimi, kimliyimi, xırdalamadım. Bu Ramazan ayında bağımda it ovçularından gizlədib, bəslədiyim küçə itlərinin savabı mənim bəsimdir. “Sən”lərin duaları olmasa da olar!”

DİGƏR XƏBƏRLƏR

Top