Nazir müavini vəzifəsindən azad olunan Ramiz Həsənovun DOSYESİ – Prezidentin tələbə yoldaşı olub…


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən Ramiz Ayvaz oğlu Həsənov Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Yeniavaz.com xəbər verir ki, Ramiz Həsənov 1961-ci ildə keçmiş Gürcüstan SSR-nin Marneuli rayonunda anadan olub. Ramiz Həsənovun atası Ayvaz Həsənov 1975-1980-ci illərdə Gürcüstan SSR Ali Sovetin deputatı, 1975-81-ci illərdə Gürcüstan SSR kənd təsərrüfatı nazirinin müavini, 1989-90-cı illərdə Gürcüstan SSR Marneuli rayon İcraiyyə Komitəsinin sədri olub.
Ramiz Həsənov  1978-83-cü illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda oxuyub. Məlumat üçün bildirək ki, ölkə prezidenti İlham Əliyev də eyni illərdə 1977-82-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb. Onu da bildirək ki, İlham Əliyev 1983-85-ci illərdə  həmin institutda aspiranturaya qəbul olunub və 1985–1990-cı illərdə də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləyib.
Ölkə prezidenti ilə eyni dövürdə və eyni İnstitutunda təhsil alan Ramiz Həsənov 1983-1990-cı illərdə SSRİ Xarici Ticarət Nazirliyində çalışıb. 1990-1992-ci illərdə Azərbaycan Nazirlər Kabineti yanında Xarici İqtisadi Əlaqələr Komissiyasında fəaliyyət göstərib. 1993-1997-ci illərdə Xarici İqtisadi Əlaqələr Nazirliyində məsul vəzifədə çalışıb.
1997-2004-cü illərdə Ramiz Həsənov "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyəti sədrinin 1-ci müavini olub.
2004-2005-ci illərdə Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.
14 dekabr 2005-ci ildə Standartlaşma, Metrrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru vəzifəsinə təyin olunub. 2008-2018-ci illərdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri olub.
15 may 2018-ci ildə Azərbaycan Xarici İşlər nazirinin müavini təyin olunub.
Məlumat üçün qeyd edək ki, Ramiz Həsənovun qardaşı Dursun Ayvaz oğlu Həsənov Azərbaycanın Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri olub və ötən ilin avqust ayında tutduğu vəzifədən azad edilib. Ramiz Həsənovun qayını Elxan Polux oğlu Poluxov isə hazırda Azərbaycanın Cənubi Afrika Respublikası, Anqola, Mozambik, Esvatini və Zimbabvedəki səfiri vəzifəsini daşıyır.

DİGƏR XƏBƏRLƏR

Top