Şəhid anası: "Həmin gün oğlumla bərabər mən də öldüm" – VİDEO


Düşmənə qarşı inamla döyüşüb vətən uğrunda canından keçən igidlərimizdən biri də Mingəçevirdən olan leytenant Kənan Abdullayevdir. 29 yaşlı şəhidimiz Suqovuşan uğrunda qəhrəmanlıq göstərərk uca zirvəyə yüksəlib. Onun haqqında nə qədər yazılar yazılsa, filmlər çəkilsə də yenə azdır. Biz fəxr edirik ki, Azərbaycanımızın belə igid övladları var. Onlar 30 il düşmən işğalında qalan torpaqları azad etmək üçün vuruşdular. Şəhidləri dünyaya gətirən valideyinlər övladları qədər qəhrəmandılar. Əbəs yerə deməyiblər ki, şəhidin ailəsi də özləri kimi seçilmiş olur. Kənan haqqında danışmaq Azadə anaya nə qədər çətin olsa da o, oğlu haqqında çox qürurla danışdı. Bildirdi ki, oğlu 30 yaşını cənnətdə qeyd edib.
Anası Kənanı belə xatırlayır: “Balam həyat dolu gənc idi. Çoxlu arzularla yaşayırdı. Amma müharibənin başlaması onun arzularını ürəyində qoydu. Şəhərə ilk şəhid gələndə özünə yer tapa bilmirdi. Bir gün sonra cəbhəyə getmək üçün könüllü kimi qeydiyyatdan keçdi. Oğlum Mingəçevir Dövlət Universitetini (MDU) məzunu idi. Bir müddət Sumqayıtda hərbiçi kimi işləyib. Ona qısa vaxt ərzində rütbə də verdilər. Müharibəyə gedən günü çox hirsli idi. Evdən tələsik çıxdı. Yeməyni də axıra qədər yemədi. Dedi ki, ana məni müharibəyə çağırıblar. Həmin gecəni evimizdə qaldı. Səhərə qədər Kənanı çoxlu qoxuladım, üz-gözündən  öpdüm. O qədər qürurlu, həyalı uşaq idi ki. Döyüş bölgəsində olduğunu məndən gizlədirdi. Deyirdi mən təlim keçirəm döyüş bölgəsində deyiləm. Ancaq həmin vaxt ən ağır döyüşlərdə olub. İki gün oğlumdan xəbər çıxmadı. Səhəri gün gördüm həyətimizə yığışıb yolu təmizləyirlər. Şübhələndim, həyətimizə yığışanlardan nə baş verdiyinin soruşurdum ancaq mənə cavab verən yox idi. Birzadan sonra darvaza açıldı oğlumun tabutunu gətirdilər. Həmin gün oğlumla bərabər mən də öldüm. İndi elə bilirəm ki, harada otursam Kənan yanımdadır. Mənim balam ölə bilməz. Cəbhədə yaralı yoldaşlarına çox kömək edib. Yanından gələn dostu deyirdi ki, əsgərlərə həmişə qardaş deyə müraciət edirdi. Amma oğlumun heç bir əşyası gəlmədi. Heç olmasa ondan təsəlli alardım. O qədər dostu, tanışı vardı. bankda işləyərkən çoxlu dost qazanmışdı. Oğlum idmanla da məşğul olurdu. İstəklisi də var idi. Amma böyük qardaşı nişanlı olduğuna görə onu gözləyirdi. Kanadada təhsilini davam etdirmək istəyirdi. Amma qismət olmadı. Çoxdan idi ki yuxuma gəlmirdi. Bu yaxınlarda gördüm. Dedi ki, anama deyin ağlamasın mənim yerim yaxşıdır”.

Valideyinləri deyir ki, Kənan elə bir oğul idi ki, dəmirdən adam düzəldərdi bircə ona nəfəs verə bilməzdi. Belə bir qürurlu oğlu itirmək valideyin üçün çox çətindir.
Yaşadığımız hər gün tarixə dönür. Günlərimizin hamısı yadda qalan olmur. Elə günlər var onlar unudulur, elələri də var ki, unudulmur, yaddan çıxmır. Belə günləri isə unudulmaz edən vətən uğrunda canından keçən şəhidlərimizdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Qeyd edək ki, Azərbaycan Ordusunun şəhid leytenantı olan Kənan Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan ordusunun əks hücum əməliyyatları ilə başlayan Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərin fəal iştirakçılarından olub. Kənan 16 oktyabrda şiddətli döyüşlər zamanı Şəhidlik zirvəsinə ucalıb.  Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyi üçün həmçinin qarşıya qoyulan döyüş tapşırığının uğurla yerinə yetirilməsinə görə Prezident İlham Əliyev tərəfindən verilən 15.12.2020-ci il tarixli Sərəncama əsasən Kənan Abdullayev ölümündən sonra “Vətən uğrunda” medalı  ilə təltif edilib.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top