Məlum olduğu kimi, koronavirus pandemiyası səbəbindən ötən ilin mart ayının 15-dən etibarən Azərbaycanda şadlıq evlərinin fəaliyyəti dayandırılıb və bu səbəbdən də son bir ildə qeydə alınan nikahların sayında da kəskin azalma baş verib.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, ötən il karantindən əvvəlki 2 ayda - yanvar-fevral aylarında qeydə alınan nikahlar bu ilin ilk 2 ayında qeydə alınan nikahlardan 30% çox olub. Belə ki, ötən ilin yanvar-fevral aylarında 8 min 151 nikah qeydə alındığı halda, bu ilin yanvar-fevral aylarında 5 min 672 nikah qeydə alınıb.
Onu da bildirək ki, nikahların sayında qeydə alınan kəskin azalmadan fərqli olaraq doğulan körpələrin sayında daha az - 5,1% azalma qeydə alınıb. 2020-ci ilin yanvar-fevral aylarında 22 min 321 körpə doğulduğu halda, bu ilin yanvar-fevral aylarında 20 min 984 körpə doğulub. Son bir ildə doğum əmsalı (əhalinin hər 1000 nəfərinə) 13,7-dən 13-ə düşüb.
Ötən ilin yanvar-fevral aylarında yeni doğulanların 584-ü əkiz, 12-si isə üçəm olduğu halda, bu ilin yanvar-fevral aylarında doğulanların 510-u əkiz, 9-u isə üçəm olub.