Azərbaycanın ən böyük iki özəl bankı gəlirlərini AÇIQLADILAR


Aktivlərinə görə Azərbaycanın ən böyük özəl bankı olan “PAŞA Bank” ASC bu ilin ilk rübü ərzində 18 milyon 786 min manat xalis mənfəət əldə edib. 
Yeniavaz.com
bankdan açıqlanan məlumatlara istinadən bildirir ki, “PAŞA Bank”ASC-nin xalis mənfəəti ötən ilin eyni dövrünə nisbətən 5,4 dəfə çoxdur. Belə ki, 2020-ci ilin 1-ci rübündə bankın xalis mənfəəti 3 milyon 480 min manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 3 ayı ərzində “PAŞA Bank”ın aktivləri də 20% artaraq  4 milyard 760 milyon manatdan, 5 milyard 669 milyon manata yüksəlib.
Məlumat üçün bildirək ki, “PAŞA Bank” ASC-nin səhmlərinin 56,82%-i “Paşa Holdinq”ə, 28,18%-i ADOR MMC-yə, 9,99%-i Arif Paşayevə, 5%-i isə Mir Camal Paşayevə aiddir. Bankın nizamnamə kapitalı 354,5 milyon manat təşkil edir.  “Paşa Bank” Müşahidə Şurasının sədri  Mir Camal Paşayev, İdarə heyətinin sədri isə Taleh Kazımovdur. 
Aktivlərinə görə Azərbaycanın ən böyük 2-ci özəl bankı olan “Kapital Bank” ASC-nin isə bu ilin 1-ci rübü ərzində 55 milyon 535 min manat xalis mənfəət əldə edib. “Kapital Bank”ASC-nin xalis mənfəəti ötən ilin eyni dövrünə nisbətən 26% azalıb. Belə ki, 2020-ci ilin 1-ci rübündə bankın xalis mənfəəti 79 milyon 893 min manat olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 3 ayı ərzində bankın aktivləri də 26% artaraq 4 milyard 413 milyon manatdan, 5 milyard 588 milyon manata yüksəlib.
“Kapital Bank” ASC-nin səhmlərinin 99,87%-i “Paşa Holdinq”ə, 0,13%-i isə fiziki şəxslərə aiddir. Bankın nizamnamə kapitalı 245,8 milyon manat təşkil edir. Hazırda “Kapital Bank” Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. 
“Kapital Bank” Müşahidə Şurasının sədri “Paşa Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov, İdarə heyətinin sədri isə Rövşən Allahverdiyevdir. Onu da bildirək ki, Rövşən Allahverdiyev Binəqədi rayon İcra hakimiyyətinin başçısı Elxan Allahverdiyevin qardaşıdır.

DİGƏR XƏBƏRLƏR

Top