İllər əvvəl pandemiyanın olacağını bilən qurum növbəti fəlakətlərlə bağlı hesabat yaydı


ABŞ-ın Milli Kəşfiyyat Şurası gələcəkdə baş verəcəyi gözlənilən hadisələrlə bağlı “2040: Daha Rəqabətli Bir Dünya" adlı hesabatı təqdim edib.
Yeniavaz.com
“Independent”ə istinadla xəbər verir ki, hesabda dünyanı gələcəkdə gözləyən təhlükələr və qlobal problemlərə toxunulub. ABŞ-ın Milli Kəşfiyyat Şurasının açıqlamalarında ABŞ və Çin arasında gedən rəqabət diqqətə çatdırılıb. Bildirilib ki, ABŞ və Çinin güclərinin gələcəkdə hansı səviyyədə olacağını başa düşmək üçün hərbi və iqtisadi güclərini araşdırmaq kifayət deyil. Maddi güc və məlumat mübadiləsi də daxil olmaqla yeni texnologiyalar, məlumatları idarə etmək bacarığı, rəqib ölkələrin gücünü təyin etmək üçün həyati əhəmiyyət daşıyacaqdır. Misal üçün Çin gələcəkdə 5G şəbəkələrini nəzarətə götürə və onu istədiyi kimi idarə edə bilsə bundan ciddi şəkildə istifadə edə bilər. 
Hesabatda vurğulanır ki, bu gün Hindistan, Rusiya, Avropa İttifaqı və Yaponiya kimi ölkələr xüsusi güc və nüfuza malikdir. Bundan əlavə, İran və Şimali Koreya kimi dövlətlər gələcəkdə qlobal sabitliyi pozacaq regional ölkələrə çevriləcək. Ölkələr arasında rəqabət artdıqca, iqtisadiyyata və ya sağlamlıq infrastrukturlarına və yaxud süni peyklərə edilən kiber hücumlar çoxalacaq və bunun qarşısının alınması çətinləşəcək. Bu da ciddi fəsadlara gətirib çıxaracaq. 
Kəşfiyyat idarəsinin yaydığı hesabatda qlobal isinməyə də toxunulub. Məlumata görə, dünyada artan istilik istisnasız olaraq bütün ölkələrə təsir edəcək. Dünyanın az yağış yağan bölgələri daha çox quraqlıq yaşayacaq. Su və qida çatışmazlığı kütləvi köçlərə səbəb olacaqdır. 
Digər vacib bir proqnoz da internetlə bağlıdır. Belə ki, internet dünyasının insanları onlarla həmfikir olan qruplara qoşulmağa təşviq edir. Beləliklə, fərqli baxışlar arasındakı dialoq azalır. Bu da ABŞ və Avropada olduğu kimi siyasi qütbləşmə və ekstremizmin artmasına gətirib çıxaracaq. Qütbləşmə həm də hökumətlərə olan inamı azaldacaq.
Hesabatda həmçinin qeyd olunub ki, ABŞ, Avropa, Çin və Yaponiya kimi ölkələrin yaşlı vətəndaşların qayığısına qalmaları üçün daha çox işlər görməsinə ehtiyac duyulacaq.
Məlumat üçün deyək ki, ABŞ-ın Milli Kəşfiyyat Şurası 4 ildən bir hesabat dərc edir. Şuranın 2004-cü ildə yayımladığı hesabatda qlobal iqtisadiyyata zərər verəcək böyük bir epidemiyanın olacağı barədə xəbərdarlıq edilmişdi.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top