Kamil İbrahimov koronavirusdan vəfat etdi


“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elm və mədəni irsin təşviqi sektorunun böyük məsləhətçisi, Tarix elmləri namizədi, Əməkdar mədəniyyət işçisi Kamil İbrahimov bu gün dünyasını dəyişib.

Yeniavaz.com xəbər verir ki, bu barədə İdarənin mətbuat katibi Səfayə Əhmədova məlumat verib. Bildirib ki, o, COVID-19-dan uzun müddət müalicə aldığı xəstəxanada vəfat edib.
Kamil İbrahimov 1962-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. 1979-cu ildə Şirvanşahlar Sarayı Dövlət Tarixi-Memarlıq Qoruq Muzeyinin arxeoloji fonduna laborant vəzifəsinə qəbul olunur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. 1985-ci ildən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun “Arxeologiya və Etnoqrafiya muzey-sərgisi”ndə elmi işçi vəzifəsində işləyib.
K.F.İbrahimov 20 ildən artıq Azərbaycanın bir çox ərazilərində, o cümlədən Bakı, Şamaxı, Gəncə, Şabran, Yenikənd və digər arxeoloji ekspedisiyaların tərkibində yaxından iştirak edib. 2001-2007-ci illər ərzində Bakı arxeoloji ekspedisiyasına rəhbərlik edib. Bir neçə ali təhsil müəssisələrində dərs deyib. Azərbaycan Beynəlxalq Ekoenergetika Akademiyasının, Türkiyə Akdeniz Universitetinin və İstanbul Piri Reis universitetinin professoru olub.
9 kitab, 100-dən çox elmi əsər və 100-ə qədər jurnal və qəzet məqalələrinin müəllifi, 12 kitabın elmi redaktoru olub.
Allah rəhmət eləsin!

DİGƏR XƏBƏRLƏR

Top