İftar və imsakda hansı qidalar olar, olmaz? – Dietoloqun vacib tövsiyələri


“Ramazan ayında düzgün qidalanma, orqanizmin zəifləməməsi çox vacibdir. Təsəvvür edin, bütün günü heç bir qida qəbul etməyən insan axşam saatlarında un məmulatları, qızardılmış yeməklər qəbul edərək qeyri-sağlam qidalanırlar. Əgər düzgün qidalanmaq istəyiriksə, şirniyyatlar, konservləşdirilmiş qidalar, qazlı və şirəli içkilər rasiondan kənarlaşdırılmalıdır. Oruc tutan şəxslər süd məhsullarına, xüsusilə kefirə üstünlük versinlər. Kefir bağırsağın fəaliyyətini yaxşılaşdırmaq üçün ideal vasitədir. Şəkər xəstəliyi olan şəxslər süd məhsullarını səhər, olmayanlar isə iftardan 1-2 saat sonra istehlak edə bilərlər. Çox yağlı və duzlu olmayan pendiri də rasiona daxil etmək olar. Çalışmaq lazımdır ki, aşırı dərəcədə qida qəbul etməyək. Çünki bilirik ki, bu müqəddəs ay nəfsimizə hakim ola biləcəyimiz bir aydır və insan çox yeməklə heçnə əldə etməyəcək”.
Bu sözləri Yeniavaz.com-a açıqlamasında dietoloq Ofelya Tahirova bildirib.
Onun sözlərinə görə, bəzi insanlar iftardan imsaka kimi ancaq yeməklə məşğul olurlar: “Bu, çox yalnış adımdır. Bu  qədər qida qəbulu köp yaradacaq, narahatçılıq verəcək və artıq çəkiyə səbəb olacaq. Bu zaman ortaya bir sual çıxa bilər ki, orqanizmin şəkər tələbatını necə ödəyək? Şəkər tələbatını biz təkcə şirniyyalardan almırıq, tərəvəzlərin və meyvələrin tərkibində də kifayət qədər şəkər miqdarı var. Həmçinin ədviyyatlar da orqanizmin şəkər tələbatını ödəyə bilir. Darçın həm şirniyyat istəyini normaya salan, həm də tox tutan ədviyyatdır. Xususi diqqət yetirəcəyimiz məqam isə nə yeyiriksə, yanında mütləq tərəvəzin olmağıdır. Çünki tərəvəz insanı uzun müddət tox tutur və tərkibindəki lif qatı sayəsində orucluq zamanı ən çox rastlanan qəbzliyi aradan qaldırır. Ət, toyuq , balıq, süd məhsulları, göyərtilər və s. hamısı balanslı qidalanmada olan məhdullardır və oruc menyumuzda da mütləq şəkildə olmalıdır. Əsas məqsəd odur ki, bu qidaları hansı zamanda qəbul etmək düzgündür”.
Dietoloq onu da qeyd edib ki, iftar və imsakda, yeməkdən öncə 1 və ya 2 stəkan ilıq su içməlisiniz: “Suyu birbaşa yox, qurtum şəklində içməyiniz tövsiyə olunur və qəti şəkildə soyuq olmamalıdır. Suyu qəbul etdikdən 10-15 dəqiqə sonra isə iftarı açmaq lazımdır. İftarda yaxşı olar ki, ilk növbədə şorbalardan istifadə edəsiniz və quru, yağlı, duzlu, istiotlu qidalar tövsiyə olunmur. Daha sonra ət məhsulları yemək olar, lakin ətin yağlı və qızardılmış olmaması daha yaxşı olar. Adətən meyvəni iftar zamanı qəbul edilər, bunu imsakda etmək lazımdır. İmsak zamanı yeməyin sonunda istədiyiniz meyvədən istifadə edə bilərsiniz. Artıq çəkisi və şəkər xəstəliyi olan insanlar kivi, portağal kimi turş meyvələrdən istifadə etsinlər. Əncir,ərik və quru meyvələrin meyvələrin tərkibində şəkərin miqdarı çox olduğundan məsləhət görülmür. Bir ovuc meyvə qurusundansa, bir ədəd alma istehlak etsinlər”.
Mütəxəssis qeyd edib ki, orucluğun ilk həftələri çətin, sonrakı həftələri isə rahat olur: “Çünki, getdikcə mədənin həcmi kiçilir və qanda şəkərin miqdarı tam normaya düşür, bu zaman isə insan tez-tez acmır. Biraz da psixoloji toxluq yaranır. İtburnu, çobanyastığı, cökə çayı kimi bitki çayları istifadə etmək olar.
Böyrək problem olanlar, şəkərli diabet xəstələri oruc tutarkən diqqətli olmalı, mütləq həkim göstərişi ilə hərəkət etməlidirlər. Digər qrup insanlar normal şəkildə oruclarını tuta bilərlər. Oruc tutmaq acından ölmək demək deyil, sağlam şəkildə Allahın buyurduğu qayda-qanuna əməl etməkdir”.

DİGƏR XƏBƏRLƏR

Top