Niyə Çində koronavirus göstəriciləri Azərbaycandan dəfələrlə yaxşıdır? – QADAĞALAR + RƏQƏMLƏR


Təxminən milyard yarım əhalisi olan Çində (1 milyard 443 milyon 661 min) son sutka ərzində COVID-19-a cəmi 12 nəfər yoluxub. Koronavirusun meydana çıxdığı ölkədə ölüm halı isə artıq uzun müddətdir ki, qeydə alınmır. Əvvəllər anormal kimi görünən bu hal, Çinin kronavirusla digər bütün ölkələrdən daha tez tanış olması və buna qarşı qabaqlayıcı tədbirlər görməsi ilə açıqlanırdı. Lakin bir müddət sonra bunun belə olmadığı məlum oldu. Çünki, yoluxma və ölüm hallarının kəskin azaldığı əksər digər ölkələrdə, qısa müddət sonra statistika artan tempdə davam etməyə başladı. Hətta bu gün bəzi ölkələrdə əvvəlkindən daha çox yoluxma və ölüm halları qeydə alınır ki, bunlardan biri də Azərbaycandır.
Gəlin əvvəlcə milyard yarımlıq Çində və 10 milyonluq Azərbaycanda ümumi koronavirus statistikasına nəzər salaq. Çində koronavirusa ümumi yoluxanların sayı 90 min 447 nəfərdir. Azərbaycanda isə rəqəmlər bunun 3 qatından daha çoxdur – 289 min 601 nəfər.
Çində koronavirusdan sağalanların ümumi sayı 85 min 513 nəfərdir ki, bu da yoluxanların 77,3 faizidir. Azərbaycanda isə sağalanlar ümumi yoluxanların 73,4 faizini təşkil edir - 289 min 601 / 253 min 762.
Azərbaycandakı aktiv xəstə sayı isə Çindəki aktiv xəstə sayından təxminən 107 dəfə daha çoxdur. Belə ki, Azərbaycandakı aktiv xəstə sayı 31 min 861 min nəfər olduğu halda, Çində bu say 298-dir.
Hər nə qədər Çində koronavirus səbəbilə qeydə alınan ölüm halları Azərbaycandakı ölüm hallarından çox olsa da, bu ölkədə uzun müddətdir ki, koronavirusdan heç kim dünyasını dəyişmir. Azərbaycanda isə sadəcə son sutkada koronavirus səbəbilə 34 nəfər dünyasını dəyişib. Ölkəmizdə son sutka ərzində isə 2 min 457 nəfər COVID-19-a yoluxub.
Çində ilk vaxtlarda koronavirusla bağlı sərt tədbirlər tətbiq olunsa da, bu gün əksər qadağalar aradan qaldırılıb. Düzdür, bu ölkədə hər ayalətdə fərqli-fərqli qadağalar tətbiq olunur, amma bu gün virusun meydana çıxdığı Uhanda belə vəziyyət tam normallaşıb. Artıq insanların ictimai nəqliyyatdan, əyləncə məkanlarından, ictimai iaşə obyektlərindən istifadəsi tam sərbəstdir. Toylara, yığıncaqlara və yas mərasimlərinə xüsusi qadağalar tətbiq olunmur. Qapalı məkanlarda maska taxma məcburidir, amma açıq havada belə bir öhdəlik yoxdur.
Azərbaycanda isə artıq 1 ildən çox müddətdir ki, toylar, yığıncaqlar və yas mərasimləri qadağandır. Ən əhəmiyyətli ictimai nəqliyyat hesab olunan metro bağlıdır, avtobuslar isə həftəsonu fəaliyyət göstərmir. Heç kimin olmadığı yerlərdə belə açıq havada maska taxmaq məcburidir.
Bütün bunlara baxmayaraq isə nəticə göz qabağındadır.
Bununla belə tez-tez ölkə mətbuatında karantin rejiminin daha da sərtləşdiriləcəyi ilə bağlı xəbərlər yayılır. Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahdan isə belə məlumatlara münasibət almaq belə mümkün olmur.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top