Xırdalanda MTK səkini tutub, İcra hakimiyyətinə məhəl qoymur – Rəsmi açıqlama + VİDEO


Abşeron Rayon Xırdalan şəhərində Heydər Əliyev prospekti ilə Mehdi Hüseynzadə küçəsinin kəsişməsində tikinti aparan şirkət, piyada yolunu da inşaatın ərazisinə qatıb.
Bu, Yeniavaz.com-un redaksiyasına göndərilən kadrlarda öz əksini tapıb. Belə ki, kadrlarda, inşa olunan binanın pilləkənlərindən birinin piyadalar üçün səkinin ərazisində tikildiyi müşahidə olunur.
Həmin kadrları təqdim edirik:

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən Yeniavaz.com-a bildirildi ki, sözügedən MTK-ya məsələ ilə bağlı müraciət edilsə də, buna məhəl qoyulmayıb: “Bildiririk ki,rayon ərazisində aparılan özbaşına tikinti işlərinin qarşısının alınması istiqamətində aparılan müşahidələr zamanı Xırdalan şəhəri, Heydər Əliyev prospekti ilə Mehdi Hüseynzadə küçəsinin kəsişməsində paralel tikilən “HAM 88” MTK-nın icazə verilən layihəsindən qanunsuz olaraq birinci mərtəbəsində yerləşən, qeyri-yaşayış obyekti üçün nəzərdə tutulan pilləkən meydançasından 4 metr yox, əlavə olaraq 1 metr layihədən çıxaraq piyada yolunu zəbt etmişdir. Aprelin 9-da aparılan tikinti yoxlanılaraq həmin piyada yoluna görə irad bildirilmiş, iş icraçısına sökülməsi tapşırılmışdır. Bununla bağlı əlaqəli idarələr də məlumatlandırılmışdır. Dəfələrlə tədbir görülməsinə baxmayaraq MTK tikinti işini davam etdirmişdir”.
Qeyd olunub ki, müvafiq tədbirlərin görülməsi üçün Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Daxili İşlər Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə rəsmi şəkildə müraciətlər edilib.

DİGƏR XƏBƏRLƏR

Top