Ramazan ayında müqabilə oxumaq


Müqabilə sözü lüğəvi olaraq “iki şeyi bir-biri ilə qarşılaşdırmaq” mənasına gəlir. Müqabilə - bir şəxsin səsli olaraq oxuduğu Quranı-Kərimi bir və ya bir neçə şəxsin müshəfdən təqib etməsi və Quranın bu şəkildə xətm olunması, yəni oxunub tamamlanması deməkdir. Bu mənada müsəlman ölkələrində xüsusilə Ramazan ayında məscidlərdə hafizlər tərəfindən oxunan Quranı digər müsəlmanların önlərindəki müshəflərdən izləyərək xətm etmələrinə müqabilə deyilir.
Müqabilə ənənəsi vəhy mələyi Həzrət Cəbrayılın (ə.s) Ramazan ayında hər gecə Həzrət Peyğəmbərimizin (s.ə.s) yanına gələrək o vaxta qədər nazil olmuş ayə və surələri qarşılıqlı oxumaları ilə başlamışdır.
Hər il Ramazan ayında o zamana qədər nazil olmuş ayə və surələri vəhy mələyi Cəbrayılın (ə.s) Allah Rəsuluna (s.ə.s), Onun da Cəbrayıla oxumasına “ərz” və ya “ərzə” deyilir. “Ərz”, ya da “ərzə” sözü, lüğəvi olaraq əzbərdən oxumaq, göstərmək, kitabları qarışdırmaq kimi mənalara gəlir. 23 illik peyğəmbərlik müddəti ərzində ildə bir dəfə icra edilən bu qarşılıqlı oxuma Həzrət Peyğəmbərin (s.ə.s) vəfat etdiyi ildə iki dəfə baş vermişdir.
İbn Abbas belə deyir: “Allah Rəsulu (s.ə.s) insanların ən comərdi idi. Comərdliyinin ən çox artdığı zaman isə Ramazan ayında vəhy mələyi Cəbrayıl (ə.s) ilə qarşılıqlı Quran oxuduqları zaman idi” (Buxari, Savm, 7).
Hər il Ramazan ayında vəhy mələyi Cəbrayıl (ə.s) və Allah Rəsulu (s.ə.s) arasında baş verən bu qarşılıqlı ərz (oxuma) fəaliyyəti 23 il boyunca davam etmişdir. Allah Rəsulunun (s.ə.s) vəfatından əvvəlki son Ramazan ayında isə bu müqabilə iki dəfə gerçəkləşmişdir (Buxari, Bədul-Vəhy, 5). Həzrət Peyğəmbərimiz (s.ə.s) “ərzei-axirə” adlanan bu son qarşılıqlı Quran oxumanın iki dəfə edilməsindən vəfatının yaxınlaşdığını hiss etmiş və bunu qızı Fatiməyə (r.a) sirr olaraq söyləmişdir. Bu gün bir sıra İslam ölkələrində Ramazan ayı boyunca davam edən müqabilə ənənəsini bu “ərzə” sünnəsinə tabe olmaq mənasında başa düşmək olar.
Quranın Ramazan ayında nazil olmağa başlaması, bu ayda edilən ibadətlərin digər aylarda edilən ibadətlərlə müqayisədə daha çox savab qazandırması və s. kimi amillər müqabilə ənənəsini müsəlmanlar arasında yayğın hala gətirmişdir. İmam Nəvəvinin qeyd etdiyinə görə, bəzi səhabələr Ramazan ayında ailə fərdlərini bir yerə toplayaraq onlarla müqabilə oxuyurdular.
Tilavəti gözəl və düzgün olandan Quranı dinləməyin, bu minvalla yanlışa yol vermədən Quranı xətm etməyin fəziləti ilə bağlı bir sıra rəvayətlər vardır. Həzrət Peyğəmbərimiz (s.ə.s) səhabələr içərisində Quranı gözəl və düzgün oxuyanları dinləyər, bəzən bu vaxt göz yaşlarını tata bilməz, ağlayardı. Bir hədisdə belə buyurulub: “Allahın (c.c) evlərindən birində Onun kitabını oxuyan və müzakirə edən camaat rəhmətlə əhatə olunar, onları mələklər müşayiət edib qoruyar, Cənab Allah (c.c) o məclisdə olanları öz qatında olanlara bildirər” (Müslim, Zikr, 38, 39; Əbu Davud, Vitr, 14; Tirmizi, Qiraət, 10). Burada keçən “Allahın evləri” ifadəsi ümumiyyətlə məscidlər olaraq başa düşülsə də məktəb, mədrəsə və s. kimi yerlər də buraya daxildir.
Müqabilə oxumaq bir məclisdəki hafizin Quranı oxuması ilə baş verdiyi kimi, tilavəti düzgün olan hansısa bir hafizin lentə alınmış səsini, ya da “yutub” və s. kimi internet platformlarından qoyulan bir hafizin tilavətini təqib edərək də müqabilə etmək olar. Müqabilə oxuyan şəxs hafiz olsa da müshəfə baxaraq oxuması daha məqsədə uyğun hesab edilmişdir. Həmçinin dinləyənlərin müqabiləni rahat bir şəkildə təqib edə bilmələri üçün tilavətin orta sürətdə olması daha məqsədə uyğundur.
Quranın hər bir ayəsini anlamaq, yaşamaq, orada bildirilən hökm və mesajları başqalarına deyil, məhz özümüzə, bizə söylənən buyuruqlar olaraq mənimsəmək daha mühüm məsələdir. Bununla yanaşı Quranı hər hərfinə riayət edərək, məxrəclərini düzgün tələffüz edərək, təcvidli bir şəkildə oxumağın da öz fəziləti vardır. Bir şəxs Quranı qarşılıqlı olaraq, yəni müqabilə üsulu ilə hafizlərdən, ya da tilavəti daha gözəl və daha düzgün olanlardan dinləyəndə tək başına və əksər hallarda səssiz oxuyarkən fərqində olmadığı yanlışları görə bilir, beləliklə yanlış oxuduğu yerləri düzəldə bilir. Beləcə bir Ramazan boyu davam edən müqabilə Quranı daha doğru və düzgün öyrənməyə imkan və təkan verir. Müqabilədə iştirak edənlər Ramazan ayının sonunda Quranı xətm etmiş və ilahi kəlamın hamısını dinləmiş olurlar.
İlahi kəlam olan Qurani-Kərim əsasən iki məqsədlə oxunur. Birincisi namaz ibadətində Qurandan müəyyən surə və ayələri oxumaq bu ibadətin əsas rüknlərindən biridir. Bu mənada namazda xüsusilə Fatihə surəsi, ümumi mənada isə Quran tilavət edilməzsə, o namaz doğru və məqbul sayılmaz. Buna görə də yetkinlik yaşına çatmış, ağıl sahibi hər bir müsəlmanın beş vaxt namazda oxuya biləcəyi qədər Qurandan bir bölüm əzbərləməsi vacibdir. Bu növ qiraətdə əsas olan ayələri oxumaqdır, mənasını bilmək şərt deyil.
Namaz xaricində oxunan Quran tilavəti isə irşad və təbliğ xüsusiyyəti daşıyır. Qurani-Kərim bizə Allah-Taalanın göndərdiyi kitabdır. Allah-Taalanın biz bəndələrindən nə istədiyi, bizim öz həyatımızı necə qurmalı, necə yaşamalı olduğumuz bu ilahi kitabda öz əksini tapmışdır. Ona görə də Quranı öyrənmək və həyatını onun tələbləri istiqamətində qurmaq hər bir müsəlmanın borcudur. Bundan əlavə Quranı öyrənən bir müsəlman da öz bildiklərini digərləri ilə paylaşmalı, başqa bir təbirlə desək, oxuduqlarının zəkatını verməlidir. Çünki müsəlmanın ən mühüm vəzifələrindən biri də Allah-Taalanın biz bəndələrindən istədiklərini, Quranın təbliğ etdiyi həyat prinsiplərini yaymaq, geniş kütlələrə çatdırmaqdır. Həzrət Peyğəmbərimiz (s.ə.s) İslamı təbliğ vəzifəsini ümmətinə Quranı öyrədərək həyata keçirmişdir. Bu mənada Quranı düzgün bir şəkildə tilavət edənlər həm nafilə ibadət etmiş, həm də İslamı təbliğ vəzifəsini yerinə yetirmiş olurlar.

Nazim Mustafayev
 

DİGƏR XƏBƏRLƏR

Top