“Xəstənin pulunu alıb, özünə Mingəçevirdə dayaq axtarır” - Xəstəxanalar arasında qalmaqal


Xəbər verdiyimiz kimi, epilepsiya xəstəliyindən əziyyət çəkən Ağdaş rayon sakini Mirzəyev Coşqun Maxsud oğlunun III qrup əlillik dərəcəsi üçün aldığı müavinət fevral ayından kəsilib.
Bu barədə Yeniavaz.com-a müraciət edən Coşqunun həyat yoldaşı Aygün Mirzəyeva bildirdi ki, Ağdaş rayon Mərkəzi Xəstəxanasına stasionar müalicə üçün müraciət etsələr də xəstəxanadan yer olmadığı bildirilmişdi.
Xəstəxananın həkim-nevropatoloqu Firqənt İsayev saytımıza açıqlamasında xəstəxananın pandemiyaya görə bağlı olduğunu bildirib:
“Mirzəyev Coşqun həqiqətən də epilepsiya xəstəsidir və xəstəxanamızda müalicə olunub, lakin 2020-ci ilin mart ayından etibarən xəstəxana koronavirusa görə bağlandı və yanlız Covid-19-a yoluxmuş xəstələri qəbul etdik. Belə hallarda əlillik dərəcəsi olan şəxslər stasionar müalicə üçün Göyçay və Mingəçevir xəstəxanalarına müraciət etməlidirlər. Mən əlimdən gələni etdim, lakin nə Göyçay, nə də Mingəçevir xəstəxanaları yer olmadığı üçün qəbul etmir. Eyni zamanda Bakı şəhəri də birmənalı şəkildə qəbul etmir”.
Ağdaş rayon Mərkəzi Xəstəxanasının baş həkimi İntiqam İbrahimovun sözlərinə görə, hazırda pandemiya dövrü olduğu üçün xəstə əlillik dərəcəsinin qiymətləndirilməsi üçün stasionar müalicəyə yatmır:
“Bu, tibbi göstəriş əsasında həyata keçirilir. Onlar dəyərləndirildikdən sonra xəstə stasionar müalicə ala bilər. Çox güman ki, sözügedən xəstənin həkimi müayinə zamanı pasientdə tibbi göstəriş görməyib və ona ambulator müalicə təyin edib. Xəstənin əlilliyi bitibsə və onun stasionar müalicəyə ehtiyacı yoxdursa, onu heç bir xəstəxana qəbul etməyəcək”. 
Məsələ ilə bağlı Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Eldar Kərimovla əlaqə saxladıq. O, Yeniavaz.com-a açıqlamasında bildirdi ki, TƏBİB-in təlimatına görə, xəstələrə əlillik dərəcəsi üçün xəstəxanada qalmağa icazə verilmir: “Xəstə 5 il müddətində ambulator müalicəyə cəlb olunubsa, o da keçərli hesab edilir. Pasient stasionar müalicəyə həqiqətən ehtiyacı olduğu halda qəbul edilir. Maddi tərəfdən qarşılanma İcbari Tibbi Sığorta tərəfindən həyata keçirilir, lakin İcbari Tibbi Sığorta da sırf qrup üçün xəstə yatızdırmır. Belə bir termin yoxdur. Ağdaş rayon Mərkəzi Xəstəxanasında həkimlər hansı fırıldaqla məşğuldur, özləri bilərlər. Xəstənin həqiqətən əlillik dərəcəsi varsa, onun xəstəxanada yatmağı üçün heç bir göstərişə ehtiyac yoxdur. Ayağı amputasiya olunmuş pasientin hansı yatışa ehtiyacı ola bilər? Həkim düzgün göstəriş verməlidir ki, bu şəxsin ayağı yoxdur. Xəstəxanada yatanda ayaq yenidən bitmir ki... Belə bir termin yoxdur, artıq o ləğv olunub. Ona görə də xəstə göndəriş alanda hər iki xəstəxananın baş həkimləri ilə razılaşdıqdan sonra stasionar müalicə üçün gələ bilər. Əgər xəstənin düzgün əlillik dərəcəsi varsa, həkim düzgün qeydiyyata alsın. Mən qəbul etmirəmsə, göndərsin Respublika xəstəxanasına. Özü bilər. Müraciət etsinlər TƏBİB-ə. Epilepsiya çox adamda ola bilər. Xəstə epileptik  tutmaları zamanı Ağdaş rayon Mərkəzi Xəstəxanasının acil şöbəsinə müraciət etməli və ona yardım göstərilməlidir. Əgər acilin yardım etmə gücü çatmırsa, xəstə təcili yardımla Mingəçevirə gətirilməlidir. Yoxsa "mən epilepsiya xəstəsiyəm özüm gedim xəstəxanada yatım" kimi bir qayda yoxdur. Bu oyunları oynayan Firqənt həkimdir. Vaxilə pulunu alıb göndərib, indi də özünə Mingəçevirdə dayaq axtarır. Necə işləyib, özü bilər. Xəstədir, göndərişi olacaq, qəbul edəcəyik. Bəli, epilepsiyası var və buna görə təsdiqi də var. O zaman həkim ambulator müalicələrə baxıb, yazsın. Firqənt həkimin göndəriş verməyə ixtiyarı yoxdur. Göndərişi yalnız baş həkim verə bilər. Lazımdırsa, baş həkim mənimlə danışsın. Xəstənin xəstəxanada yatmağa ehtiyacı varsa, acilə getsin, orada yardım edilmə imkanları yoxdursa, bizə yönəldərlər, stasionar müalicəyə qəbul edərik. Təlimat belədir və bundan kənara heç kimin çıxmağa ixtiyarı yoxdur. Onlara dəfələrlə deyirik ki, bu gün əlillik dərəcəsi üçün yatmaq deyə termin yoxdur. Bu, əvvəllər belə idi, rüşvət alırdılar, xəstəxanada yatızdırırdılar və yalandan əlillik qrupu təyin edirdilər. İndi bunlar keçərli deyil”.
Həkim Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında təcili xəstələr üçün lazımi yerlərin olduğunu da bildirdi: “Planlı xəstələr üçün isə yer olmayanda növbəyə yazırıq. Müalicə iki cür olur: stasionar və ambulator. Yer olmayanda ambulator müalicəyə yazırıq ki, xəstə lazımi dərmanları istifadə etsin. Xəstə ambulator müalicədə dərmanları öz hesabına almalıdır. Lakin bəzən onlar xərci dövlətin üzərinə atmaq üçün stasionar müalicəyə qaçırlar. Bu, yolverilməzdir. Yoxlama zamanı  görünsə ki, bu xəstə ampulator müalicə ala bilərdi, amma stasionar müalicə alıb, o zaman bizə irad edilir ki, bu xəstəyə görə hər gün 93 AZN sildirmisən, burda nə marağın var? Belə hallara icazə verilmir”.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top