ABŞ-ın tanınmış media orqanı Qarabağ müharibəsi, dronlar və Bayraktardan yazdı


ABŞ-ın tanınmış media orqanında dronların artması və bunun nəticəsində dünyada baş verən dəyişikliklərə toxunulub.
Yeniavaz.com
xəbər verir ki, “americanpurpose.com”un rəhbəri Françis Fukuyama yayımladığı yeni məqalədə İkinci Qarabağ Müharibəsinə və dronlar vasitəsilə əldə edilən uğurlardan danışıb. O bildirib ki, dünyada dronların daha da inkişaf etdirilməsi və bu istiqamətdə görülən işlər bir çox sahələrə yenidən göz gəzdirilməsinin vacibliyini ortaya qoydu. Belə ki, hazırda dünyada bir çox ölkənin nüvə elektrik stansiyaları təhlükə altındadır. İstənilən vaxt həmin obyektlərin vurula bilməsi və müdafiə sistemlərinin buna qarşı heç bir tədbir görə bilməməsi ciddi təhlükədir. 
Françis Fukuyamanın sözlərinə görə, hazırda dünyada dron sahəsində ən öndə gedən ölkə Türkiyədir. Orada istehsal edilən yerli dronlar inkişaf etdirilib və ən son texnologiylarla təchiz etdirilib. Həmin dronlardan Liviyada, Suriyada, Qarabağ müharibəsində və PKK ilə mübarizədə geniş istifadə edilib. Bu müddət ərzində Türkiyə bölgədə güclü bir dövlətə çevrildi, Rusiya, Çin və ABŞ-la qarşılıqlı münasibətlərdə söz sahibi oldu. 
Məqalədə “Bayraktar TB2” dronlarını hazırlayan Səlçuk Bayraktar barədə də danışılıb. Türkiyənin Milli Kəşfiyyat Təşkilatında təhsil aldığı vurğulanan Bayraktarın bu sahədə ciddi uğurları olduğu bildirilib. Türkiyənin dron sahəsində milli PUA-larının istehsalına təkan verən əsas hadisə ABŞ-ın 1975-ci ildəki hərbi embarqosu və Vaşinqtonun “Predator” və “Reaper” dronlarını satmaq istəməməsi oldu. Türkiyə daha sonra “Heron” pilotsuz təyyarələrini İsraildən satın aldı, ancaq həmin ölkə ilə əlaqələrin pisləşdiyini nəzərə alıb özü PUA istehsal etməyə başladı. Hazırda “Bayraktar TB2” dronları ən güclü dronlardandır. 24 saat göydə qala bilir və həm kəşfiyyat, həm də hücum tapşırıqlarını yerinə yetirmə qabiliyyətinə malikdir.
Yazar bildirir ki, bu silahların effektivliyi ilk dəfə Türkiyənin sərhədləri xaricində Suriyada 36 Türk əsgərinin ölümü ilə nəticələnən Suriya ordusunun hücumuna cavab olaraq sınandı. İdlib əyalətinə doğru hərəkət edən Suriyanın zirehli qüvvələrinə dağıdıcı bir hücum başladıldı və 100-dən çox tank və zirehli avtomobilləri məhv edildi.
Məqalədə Qarabağ müharibəsinə də toxunulub. Bildirilib ki, sentyabr ayında keçirilmiş Qarabağ müharibəsi zamanı Türkiyə istehsalı pilotsuz təyyarələr vasitəsilə 200-dən çox tank 100-ə yaxın digər zirehli texnikalar, 182 top məhv edilib.  
F. Fukuyamanın sözlərinə görə, PUA-larla tankların vurulduğu ən köhnə hadisələrdən biri 1967-ci ildə Yaxın Şərqdə baş verib. Belə ki, İsrailin hazırladığı gizli dronlardan biri müharibə vaxtı Misir tankını məhv edir. Bu hadisə dünyada çox az mənbə tərəfindən bilinir. Tankın necə vurulduğu çox müzakirə edilmişdi. Çünki, təyyarə ilə həmin tankı vurmaq mümkün deyildi.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top