SOCAR-ın Mikayıl Cabbarovla nə problemi var? – MÜƏMMA


Xəbər verdiyimiz kimi, Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının növbəti iclası keçirilib və iclasda Müşahidə Şurasının sədri Mikayıl Cabbarov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, həmçinin İdarə Heyətinin üzvləri iştirak edib.
Yeniavaz.com xəbər verir ki, SOCAR Müşahidə Şurasının iclası və orda müzakirə olunan məsələlərlə bağlı məlumatları mətbuata Azərbaycan İnvestisiya Holdinqi açıqlayıb.
Qeyd edək ki, 23 yanvar 2021-ci il tarixində Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında" fərman imzalayıb. Fərmana əsasən, şirkətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurası yaradılıb və iqtisadiyyat naziri Mikayıl Cabbarov şuranın sədri təyin olunub. Lakin, SOCAR Müşahidə Şurasının sonuncu iclası ilə bağlı məlumat qurumun mətbuat xidmətindən açıqlanmadığı kimi, rəsmi veb-saytda da yerləşdirilməyib. 
Məsələ ilə bağlı yeniavaz.com-a açıqlama verən SOCAR İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri İbrahim Əhmədov bildirdi ki, razılaşmaya əsasən Müşahidə Şurasının iclasları ilə bağlı məlumatlar Azərbaycan İnvestisiya Holdinqi tərəfindən açıqlanır. 
Qeyd edək ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov yanvar ayının 23-də SOCAR Müşahidə Şurasının sədri təyin olunduqdan sonra onun adı yalnız bir dəfə - ötən həftənin 5-ci günü socar.az saytının xəbərlər bölməsində yer alıb. 
A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top