Malta hökuməti pandemiya səbəbindən çökmüş iqtisadiyyatını dirçəltmək üçün ölkəsinə səyahət etmək istəyənlərə 200 avro məbləğində pul mükafatı vercəyini bildirib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Maltanın turizm naziri Klayton Bartolo məlumat verib. Onun sözlərinə görə, bu kampaniyanı başlatmaqda onların əsas məqsədi beynəlxalq turizmin fəaliyyətə başladığı vaxt ölkənin turizmini gücləndirməkdir.
200 avro mükafat ölkə ərazisində ən az 3 gün qalacaq şəxslərə şamil olunacaq. Bundan əlavə sözügedən məbləği əldə etmək üçün səyahət edən şəxsin yalnız Maltanın yerli otellərindən istifadə etməsi əsas şərtdir. Belə ki, 5 ulduzlu otellərdən istifadə edənlər 200, 4 ulduzlu otellərdən istifadə edənlər 150, 3 ulduzlu otellərdən istifadə edənlər isə 100 avro əldə edəcək.
Qeyd edək ki, hökumət bu proqrama 3, 5 milyon avro büdcə ayırıb. Plana əsasən ölkəyə 35 mindən çox turistin gəlməsi nəzərdə tutulur.