Siyavuş Novruzovun efirə sərxoş çıxması iddiaları ilə bağlı aparıcı da danışdı


Millət vəkili Siyavuş Novruzovun “Musavat TV”nin efirində yayımlanan canlı debata içkili çıxması iddialarına, debatın moderatoru Sevinc Telmanqızı da münasibət bildirib.
Yeniavaz.com xəbər verir ki, S. Telmanqızı debat zamanı hər iki opponenti ilə eyni məsafədə əyləşdiyini və belə bir hal olacağı təqdirdə bunu hissedəcəyini bildirib:
“Efiri izləyənlər bilirlər ki, mən moderator olaraq hər iki qonağın ortasında əyləşmişdim. Hər ikisinə eyni və yaxın məsafədə idim. Əgər Siyavuş Novruzov içkili olsaydı, ən azı ətrafa içki qoxusu yayılardı, ya da bu, onun yerişində, özünü idarə etməsində görünərdi. Mən qoxuya qarşı həssas adam olsam da, ondan hər hansı spirt qoxusunun gəldiyini deyə bilmərəm. Qənaət, təxmin başqa şeydir, reallıq başqa. Hətta efirdən bir neçə saat sonra bu cür iddialar sosial şəbəkədə yazıldığı üçün Mirmahmud bəylə də əlaqə saxladım. Ondan da qənaətini soruşdum. Çünki Siyavuş bəy studiyaya gələn kimi Mirmahmud bəylə çox mehribancasına qucaqlaşdı, görüşdü, onu 20 ildir ki, görmədiyini dedi. Mirmahmud bəy də opponentinin içkili olması ilə bağlı iddiaları bölüşmədiyini dedi”.
S.Telmanqızı bildirib ki, sadəcə S. Novruzov efirdən öncə də, efir zamanı da çox pozitiv olub, zarafatlar edib, lətifələr danışıb, şeir deyib. Onun sözlərinə görə, verilişin gedişində isə həm opponentinə, həm efirə telefon zəngi ilə qatılan Ağ Partiya sədri Tural Abbaslıya, eləcə də aparıcı olaraq ona qarşı olduqca pozitiv, tolerant davranıb: “Özü də dedi ki, Mirmahmud bəyi 20 ildən sonra ilk dəfə üz-üzə gördüyü üçün çox sevinclidir. Opponentinin sözünü kəsmirdi, suallara qarşı dözümlü idi, deyilən fikirlərə qarşı öz arqumentlərini səlis şəkildə səsləndirirdi. Bəzi mövzularda ziddiyyətli, mübahisə yaradan fikirlər, açıqlamalar versə də, bu, onun içkili olması anlamına gəlmirdi. Efirdən bir gün əvvəl telefonla verilişə dəvət edəndə də eyni əhvalda idi. Zarafat edib, lətifə söylədi və mənimlə opponentinin kim olacağı ilə bağlı müzakirə apardı. Mən sadəcə onun jurnalistlərlə çox pozitiv, mehriban davrandığını hiss etdim”.
S. Telmanqızı qeyd edib ki, əgər iddialarda əks olunduğu kimi, S.Novruzov TV Müsavatın studiyasına içkili gəlmiş olsaydı, bu efir ümumiyyətlə gerçəkləşməzdi: “Mən hər şeydən öncə özümə, efirə qatılan digər qonağıma, tamaşaçılarıma, çalışdığım media orqanına hörmət edirəm. Heç bir güc məni içkili bir müsahiblə saat yarımdan artıq ölkə gündəmini, Qarabağ mövzusunu, daxili siyasəti təhlil etməyə vadar edə bilməzdi. Maraqlı bir canlı efir baş tutdu və bu da TV Müsavatın uğuru idi. Siyavuş bəyin suallara cavab verərkən zaman-zaman hansısa sözü tapmaqda çətinlik çəkməsi, fikrini ifadə edərkən uzun cümlələrdən istifadəsini isə içki ilə əlaqələndirmirəm”.
Xatırladaq ki, aprelin 7-də efirə gedən canlı debat zamanı izləyicilərin yazdığı şərhlərdə və verilişdən sonra səslənən bəzi iddialarda S.Novruzovun efirə içkili gəlməsi və bunun deputatın davranışlarında öz əksini tapması iddia olunurdu.
Məsələ ilə bağlı S. Novruzov Yeniavaz.com-a açıqlama vermiş və iddiaları təkzib etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top