Bakıdan hərbi əsirlər gəlir deyə toplaşdılar, amma təyyarə içi boş eniş etdi


Bu gün Ermənistanda Bakıdan növbəti hərbi əsirlərin gətiriləcəyinə dair iddialar yayılıb. Bu məlumatı eşidən onlarla erməni hərbçi ailəsi “Erebuni” aeroportuna toplaşıblar. Amma təyyarə Ermənistana boş eniş edib.

Yeniavaz.com “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, təyyarədə Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradovdan başqa heç kim olmayıb. 
Təyyarənin Bakıdan deyil, Rostovdan gəldiyi məlum olub.
Hava limanına toplaşanlar bundan hiddətlənərək itkin düşmüş hərbçilərin valideynlərinin aksiyasına qoşulmaq üçün Müdafiə Nazirliyinin binasına doğru istiqamət götürüblər.
Qeyd edək ki, bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osayminlə birgə keçirdiyi mətbuat konfransında qeyd edib ki, noyabr ayının sonunda artıq Azərbaycan tərəfi bütün hərbi əsirləri qarşı tərəfə təqdim etdi: “Azərbaycan tərəfi 70-dən artıq hərbi əsiri Ermənistana təqdim etdi, qarşı tərəfdən isə Azərbaycana 12 hərbi əsir qaytarıldı".  Azərbaycan XİN rəhbəri bildirib ki, dekabrın 12-13-də Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilmə zonasına aid olmayan ərazilərdə Ermənistan hərbçilərinin yerləşdirilməsi, hərbi təxribatlar törədilməsi nəticəsində 4 Azərbaycan hərbçisi həlak olub, 1 mülki şəxs ağır yaralanıb: “Dekabrın 12-13-də Azərbaycan xüsusi xidmət orqanları və Müdafiə Nazirliyinin müvafiq bölmələri tərəfindən aparılmış anti-terror əməliyyatı zamanı o qrup tamamilə zərərsizləşdirilmişdir və 62 nəfər Ermənistan hərbiçisi tutulmuşdu. Cinayət istintaq tədbirləri nəticəsində həmin şəxslərin həmin əraziyə 26 noyabr tarixində  yerləşdirilməsi faktı təsdiqlənib. Onlar Ermənistan vətəndaşları və hərbiçiləridir, onlar Şırak vilayətindəndir. Onlar Azərbaycan ərazisində cinayət törədiblər və onların cinayəti nəticəsində yaralanan və həlak olan insanlar var. Azərbaycanın müvafiq qanunvericiliyinə əsasən, onlarla bağlı cinayət işi açılıb. Hərbi əməliyyatlar olmayan zaman hərbi əsir ola bilməz, onlar cinayətkardır, amma hərbi əsir deyil”.

DİGƏR XƏBƏRLƏR

Top