İsveçrədə fəaliyyət göstərən Federal Məhkəmə SOCAR-ın şübhəli sənədlərin gizlədilməsi barədə tələbini rədd edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “theshiftnews.com” xəbər portalı vasitəsilə yayılıb. Bildirilib ki, SOCAR-ın şübhəli pul transferləri barədə sənədlərin İsveçrə polisi ilə paylaşılmaması tələbi məhkəmə tərəfindən rədd edilib. Bəhs edilən sənədlər “SOCAR Trading”lə Maltada keçmiş nazir Konrad Mizzi arasında imzalanıb. Xəbərdə bildirilir ki, əldə edilən sənədlərdə 18 il müddətinə maye qaz ticarəti nəzərdə tutulur ancaq, təqdim edilən qiymətlər gülünc dərəcədə şişirdilib. Həmçinin bildirilib ki, Malta hökuməti həmin sənədlərin varlığını Avropa Komissiyasından gizlətmək üçün əlindən gələni edib. Bu günə qədər həmin müqavilə ictimaiyyətə açıqlanmamışdı. Sənədin əsasında çirkli pulların yuyulması məsələsi dayanır. Digər tərəfdən 2017-2018-ci illərdə İsveçrə bankları ilə aparılan əməliyyatlarda istifadə edilən 28 milyon avro diqqət mərkəzindədir. 2018-ci ildə İsveçrədə bank rəsmiləri ABŞ hökumətindən edilən təzyiqlər nəticəsində “camaşırxana” adlandırılan “ABLV Bank”ı bağladılar. Hazırda İsveçrə polisi 28 milyon avronun mənbəsini araşdırır. Bu səbəblə banklardan və digər mənbələrdən əldə edilən sənədlər incələnir. SOCAR-dan verilən açıqlamada isə Maltada iddia edilən çirkli pulların yuyulması prosesinin onlara aid olmadığını, bu tip məlumatların yayılmasının isə Avropa Konvensiyasına zidd olduğu vurğulanıb. İsveçrə məhkəməsi isə SOCAR-ın Avropa Konvensiyası ilə bağlı dediklərini sübut edə bilmədiyini və gizliliyin ortadan qalxdığını vurğulayıb. Bununla da bəhs edilən prosesin İsveçrədə aidiyyatı orqanlar tərəfindən araşdırılacağı dilə gətirilib.