Qanda laxtalanmaya səbəb olduğu deyilən vaksinlə bağlı həkimlərdən AÇIQLAMA


Britaniya və İsveçrənin birgə istehsalı olan COVID-19 vaksini “AstraZeneca”nın istifadəsi bir sıra Avropa ölkələri tərəfindən dayandırılıb. Buna səbəb isə sözügedən vaksinin tromboza (qanda laxtalanma) səbəb olması ilə bağlı iddialardır. Belə ki, İngiltərədə bu peyvəndi vurduran 7 nəfərin qan laxtalanmasından öldüyü iddia edilir. Hətta Avropa Dərman Agentliyi də bu barədə açıqlama verərək “AstraZeneca”nın laxtalanmaya səbəb olduğunu təsdiqləyib. Bir müddət əvvəl isə Azərbaycanda bu vaksinin 432 min dozasının idxalı haqqında qərar qəbul edilib. Lakin qan laxtalanması ilə bağlı iddialar əhalidə narahatçılığa səbəb olur. 

Bu barədə Yeniavaz.com-a açıqlama verən radioloq Aydın Əliyev bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı “AstraZeneca” peyvəndinə sertifikat verib və bir fəsad törədəcəyini düşünmür: ““AstraZeneca”  peyvəndi icazə və sertifikat alan 3 peyvənddən biridir. Səhv etmirəmsə 23 milyon yoxsa 11 milyon insanın içərisindən təxminən 11 nəfərdə tromboz müşahidə olunub. Bu çox cuzi göstəricidir və heç bir təhlükəsi yoxdur. Bu peyvənd ölü yox, zəiflədilmiş peyvənddir. Yəni, başqa bir virusun içərisinə koronavirusun geninin bir hissəsi qoyulub və zəiflədilmiş yeni bir virus kimi yaradılıb. “AstraZeneca” hər hansı xəstəlik törətmir, sadəcə zəiflədilmiş virus olduğundan orqanizmdə immunitet yaradır. Sözügedən peyvəndlər hansı yaş qruplarında sınaq mərhələsindən keçib və təsdiqini tapıbsa həmin yaş qruplarına vurulacaq”.

Pediatr Aytən İsmayılzadə isə məsələ ilə bağlı Yeniavaz.com-a açıqlamasında bildirdi ki, “AstraZeneca” zəiflədilmiş peyvənd olduğu üçün hər hansı ağırlaşmalar ola bilər: “Bu zəiflədilmiş peyvənddir və burada şimpanzeyə məxsus adenovirusundan istifadə olunur. Bu həm insanlarda, həm də heyvanlarda ola bilir, lakin yüngül virusdur. Həmin o virusa əsl koronavirusun genetik materialı köçürülüb. Bizə ötürülən koronavirusun özü deyil, “COVID”in genini daşıyan adenovirusdur. Mən belə hesab edirəm ki, bu müəyyən dərəcədə xəstəlik törədə bilər. Çünki nə qədər zəiflədilmiş olsa da, onun genetik materialını daşıyır. “Pfizer”, “Moderna”da genetik məlumatı daşıyan bir qat olur, amma “AstraZeneca”da iki spirallı DNT-dir. İki dozada tətbiq olunur, birinci doza ikincidən yarım doz aşağıdır. Bununla bağlı 4 klinik təcrübə aparılıb. Bütün peyvəndlərdə ağırlaşma və ya yan təsir ola bilər. Lakin bu, nisbətlə götürülür.  Yəni ölüm faizi neçədir, həmin adamların hər hansı yanaşı xəstəliyi varmı?”.

Nəzmiyyə Sadıqova

DİGƏR XƏBƏRLƏR

Top