Zorakılığa məruz qalan 9-cu sinif şagirdi ilə bağlı Komitədən AÇIQLAMA


Neftçala rayonunda zorakılığa məruz qalan 9-cu sinif şagirdi Bakıda müvafiq sığınacağa yerləşdirilib. 

Yeniavaz.com xəbər verir ki, bu barədə oxu.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib. 
O bildirib ki, 6 aprel tarixində komitə nəzdində fəaliyyət göstərən Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin psixoloq və sosial işçiləri Neftçala Rayon İcra Hakimiyyəti yanında gender və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun nümayəndələri, kənd tam orta məktəbinin direktor müavininin və qəsəbə nümayəndəsinin də iştirakı ilə yetkinlik yaşına çatmayan qız və onun anası ilə yenidən görüş keçirərək psixososial durum qiymətləndirib.
Görüş zamanı ananın qızına qarşı qeyri-adekvat davranışı da nəzərə alınaraq, Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində zorakılıq qurbanı olan yeniyetmənin Bakıda müvafiq sığınacağa yerləşdirilməsi təmin edilib. 
Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndələri tərəfindən yetkinlik yaşına çatmayan qızın iki qardaşının da psixososial durumu yoxlanıldıqdan sonra dövlət himayəsinə alınması ilə bağlı işlər davam etdiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top