Britaniyalılar şahzadə Uilyamı növbəti monarx görmək istəyirlər


Böyük Britaniya əhalisinin əksəriyyəti şahzadə Uilyamı növbəti monarx görmək istəyir.

Britaniyalıların bu istəyi “Deltapoll” sorğusunun nəticələrində əksini tapıb.

“Kraliçanın öz postunu tərk edəcəyi halda onun yerində kimi görmək istərdiniz” sualına cavab olaraq respondentlərin 41 faizi 38 yaşlı şahzadə Uilyamın adını çəkib. Həmçinin rəyi soruşulanların 22 faizi 72 yaşlı vəliəhd şahzadə Çarlzın monarx olmasını istədiyini bildirib, 14 faizi isə Böyük Britaniyada daha monarxiyanın olmaması fikrini dəstəkləyib.

Eyni zamanda, respondentlərin 8 faizi şahzadə Harrini, 5 faizi kraliça II Elizabetin qızı şahzadə Annanı, 2 faizi isə kraliçanın oğlu Edvardı bu posta layiq gördüyünü bildirib.

Sorğu iştirakçılarının 41 faizi kraliça II Elizabetin ömrünün sonunadək monarx olmasını dəstəkləyib.

Martın 31-dən aprelin 1-dək keçirilmiş sorğuda 1,5 min britaniyalı iştirak edib.

Qeyd edək ki, Böyük Britaniya taxt-tac mirası qaydalarına görə, kraliça II Elizabetdən sonra birinci yerdə onun oğlu Uels şahzadəsi Çarlz, sonra şahzadənin böyük oğlu Uilyam, daha sonra Uilyamın övladları - şahzadələr Corc, Şarlotta və Lui gəlirlər.//Azərtac

DİGƏR XƏBƏRLƏR

Top