Xəbər verdiyimiz kimi, Ermənistan rəhbərliyi Zəngəzurda yerləşən, “Mehri koridoru” olaraq adlandırılan ərazidə yerləşən və 1991-ci ilə kimi azərbaycanlıların yaşadığı Nüvədi kəndində qalan yarı uçulmuş evləri dağıtmağa başlayıb.
Yeniavaz.com xəbər verir ki, Ermənistan rəhbərliyinin bu addımına etiraz olaraq İrəvan Türk Cümhuriyyəti Millət Şurası adından bəyanat yayılıb.
Həmin bəyanatı olduğu kimi təqdim edirik:
İrəvan Türk Cümhuriyyəti Millət Şurasının BƏYANATI
XIX əsrdən başlayaraq erməni şovinistlərinin Azərbaycan xalqına və Azərbaycan dövlətçiliyinə qarşı apardıqları düşmənçilik siyasəti və cinayətkar əməllər azərbaycanlıların Qərbi Azərbaycan torpaqlarından soyqırıma uğradılaraq təqib olunmalarına, qətlyamlarına, qovulma və tamamilə deportasiya olunmalarına gətirib çıxarmışdır.
33 il öncə sonuncu azərbaycanlı əcdadlarımızın min illər boyu yaşamış olduğu Vətənimizi, qədim türk torpağı olan Qərbi Azərbaycanı tərk etdi. Lakin həmin vaxt mənfur Ermənistan rejimi bir kəndi məhv edə, əhalisini qovub çıxara bilmədi - Nüvədi kəndini və onun əsrlər boyu burada yaşayan qəhrəman Türk əhalisini. Amma qarşısına monoetnik erməni dövləti qurmaq vəzifəsi qoyan erməni faşizmi Nüvədi kəndini və sakinlərini hədəfə alaraq onları rahat yaşamağa qoymadı. İrəvan xanlığının ərazisində yaşayan türkləri nəyin bahasına olursa olsun, əcdadlarının ruhu uyuduğu torpaqlardan çıxartmaq Ermənistan Respublikasının rəsmi dovlət siyasəti oldugu üçün Nüvədi kəndinə erməni silahlı dəstələrinin davamlı təzyiq və hücumları təşkil olundu. Nəhayət, 7 avqust 1991-ci ildə Ermənistan ərazisində əhalisi türklərdən ibarət olan sonuncu Azərbaycan kəndi - Nüvədi düşdü, əhalisi isə Azərbaycan Respublikasının ərazisini köçməyə məcbur edildi.
Tarixən Azərbaycan torpağı olub Zəngilan rayonunun sərhədində yerləşən Nüvədi kəndi 1929-cu ilə qədər inzibati ərazi bölgüsü cəhətdən Azərbaycan Respublikasının Cəbrayıl qəzasına tabe olmuşdur. Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası fəhlə, kəndli, qızıl ordu və matros deputatları Sovetlərinin Mərkəzi Komitəsi Rəyasət Heyətinin 18 fevral 1929-cu il tarixli iclasının qanunsuz qərarı əsasında Nüvədi kəndi Azərbaycan SSR-nin Cəbrayıl qəzasından Ermənistan SSR-nin Mehri qəzasının inzibati idarəetməsinə verilmişdir. Bu sənəd uzun müddət rəsmən təsdiq edilməmiş, nəhayət 26 noyabr 1968-ci ildə Azərbaycan KP MK-nın Bürosunda baxılaraq Azərbaycan SSR Ali Sovetinin 7 may 1969-cu il tarixli qanunsuz fərmanı ilə rəsmiləşdirilmişdir.
Azərbaycanın digər əraziləri kimi Nüvədi kəndinin də tarixi çox qədimdir və orada məskunlaşmış türk tayfalarının izləri bu günə qədər gəlir. Nüvədi kəndindəki Qarqar yazıları öz qədimliyi, mükəmməlliyi, ümumtürk tarixi üçün əhəmiyyəti ilə “Orxon-Yenisey” abidələrindən heç də geridə qalmır. Tədqiqatçılar Nüvədi ərazisində yerləşən tarixi Sultan-Səlmə istehkamını, o cümlədən Baba Hacı müqəddəs Ziyarətgahını Babəkin adı ilə əlaqələndirirlər.
Təəssüf ki, erməni vandalizmi dünyanın gözü qarşısında hələ də davam etməkdədir. Belə ki, 10 noyabr 2020-ci il anlaşmasına uyğun olaraq Zəngəzur kolidorunun həmin ərazidən keçəcəyindən əndişələnən erməni militaristləri hal-hazırda xarabalıga çevirdikləri Nüvədi kəndinin qalıqlarını da böyük texnikaların köməyilə şumlayıb məhv edir, onu bir kənd-yaşayış məskəni kimi yer üzündən silməyə çalışırlar.
Biz, İrəvan xanlığından, Göyçə, Dərələyəz, Zəngəzur, Vedibasar və d. ərazilərdən qovulmuş beş milyondan artıq Türkün adından daim bizə dəstək olmuş, hüquqlarımızı qorumuş Azərbaycan Respublikası rəhbərliyinə, Azərbaycan ermənistan münaqişəsinə sülhməramlı tərəf kimi qatılıb, yalnız Dağlıq Qarabaga ermənilərini himayə və müdafiə edən Rusiya Federasıyasının rəhbərliyinə, dünya dövlətlərin rəhbərlərinə, habelə dünyada sülh və təhlükəsizliyə gorə cavabdehlik daşıyan BMT-yə səslənir, Ermənistanın törətdiyi bu vəhşiliklərə son qoydurmağa çağırırıq.