İkinci Qarabağ Müharibəsi - qeyri-adi və unudulmaz anlar


"Burnuma nə gözəl qoxu gəlir" deyib gözlərini yuman əsgər, 73 gün çürümədən qalan şəhid və Quran hafizi şəhid müəllim...
İkinci Qarabağ Müharibəsi Azərbaycan tarxinə ən şərəfli səhifələrdən biri kimi yazıldı. Birlik, bərabərlik, cəsarət, inam və güc xalqımızda birləşərək bizi qələbəyə apardı. İkinci Qarabağ Müharibəsi dövründə bir çox qeyri-adi hadisələr yaşandı. Bu yazımızda həmin hadisələrdən bir neçəsinə toxunmaq istəyirik.
Döyüşdə iştirak edən hərbçilərimizdən biri də Orxan Cəfərov idi. Atası Etibar Cəfərov bildirdi ki, oğlu ilə axırıncı dəfə sentyabrın 26-da danışır, sonra isə əlaqə saxlaya bilmir: "Təxminən 7-8 radələri idi, zəng vurdu. "Salam ata, necəsən?" - deyə soruşdu. Mən də ondan hal-əhval tutdum, ancaq əlaqə kəsildi. Nə qədər çalışsaq da, danışa bilmədik. Təxminən 20 dəqiqə sonra yenidən zəng vurdu. Az danışdıq, "Öpürəm ata", - dedi və əlaqə yenidən kəsildi. Orxangil Qarabağda ermənilərin qurduğu postu ələ keçirəndən sonra çox sayda erməni döyüşçüsünü məhv etmişdilər. Bir neçə saat döyüşəndən sonra hərbçi yoldaşları ilə birgə hamısı şəhid oldu".

Nəşi 73 gün döyüş bölgəsində qaldı, ancaq...
Orxan şəhid olandan sonra onun nəşini döyüş bölgəsindən götürmək mümkün olmur. 73 gündən sonra valideynləri övladlarının nəşini evlərinə gətirə bilirlər. Bu vaxt Orxanın cəsədini görənlər təəccüblərini gizlədə bilmirlər:
"73 gün keçmişdi. Biz Orxanın nəşini Füzuli rayonundan gətirdik. İnanırsınız, Orxan çürüməmişdi. Orada məsciddə imam yuyub kəfənlədi. Harasından güllə vurulub bilinirdi. Hamı orada şoka düşmüşdü ki, necə olub, insan elə bir vəziyyətdə 73 gün qalıb, ancaq çürüməyib".
Şəhidlik İslam dinində ən yüksək zirvələrdən biridir. Quranda şəhidlərlə bağlı bir neçə yerdə ayələr var:
"Allah yolunda öldürülənlərə (şəhid olanlara) "ölü" deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz". (Əl-Bəqərə surəsi, 154)
"Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur. Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə sevinir, arxalarınca gəlib hələ onlara çatmamış kəslərə (axirətdə) heç bir qorxunun olmayacağına və onların qəm-qüssə görməyəcəyinə şad olurlar". (Ali İmran surəsi, 169-170)
Etibar Cəfərov bildirdi ki, döyüşlər davam etdiyi müddətdə Orxangil düşmənlə əlbəyaxa döyüşürlər:
"Orxanla birlikdə döyüşdə olan şəhidin qardaşı mənimlə söhbət etdi. O bildirdi ki, döyüşün sonlarına yaxın silah-sursatları tamamilə azalmışdı. Həmin vaxt posta yaxın yerdə Orxanla erməni üz-üzə gəlir, əlbəyaxa döyüşürlər. Orxan da çiynidən yaralı olduğu üçün tam qüvvəsindən istifadə edə bilmir. Sol əli ilə başından kaskasını çıxarıb onunla ermənini öldürür. Bunu görən digər ermənilər Orxanın diz nahiyələrindən iki güllə vururlar. Yerə yıxılandan sonra isə sinəsindən bir güllə vurub şəhid edirlər. Hamı deyirdi ki, Orxan sanki iki gündür şəhid olub. Mən Orxana demişdim ki, sən evinə gələndə qurban kəsəcəyəm. Düzdür, Orxan şəhid oldu, amma mən yenə sözümün üstündə durub qurbanımı kəsdim. Çünki, oğlum evinə gəlmişdi... Şərəfli döyüş yolu keçdi. Dekabr ayının 9-da Orxanı Daşkəsən rayonunun Şəhidlər Xiyabanında dəfn elədik".

"Gözümü açanda gördüm ki, kimsə məni sürüyə-sürüyə aparır"...

İkinci Qarabağ Müharibəsi qəhrəmanlarından biri də ehtiyatda olan kapitan, qazi Mətin Abdinovdur. O, döyüşdüyü vaxtlarda düşdükləri çətinliklərdən və rastlaşdıqları qeyri-adi hadisələrdən danışdı. Qazimiz bildirdi ki, müharibə başlayandan sonra dəfələrlə müraciət etsə də, yaşına görə onu döyüşə aparmaq istəmirlər. Ancaq inadla müraciət etdikdən sonra onu müharibəyə yola salırlar:
"İlkin olaraq məni bölük komandiri kimi N saylı hərbi hissələrdən birinə göndərdirlər. İlk döyüşüm Füzulidə başladı. Məni şəhid olan bölük komandirinin yerinə təyin etdilər. Döyüşlərdə olan vaxt mən ordumuzun necə güclü hisslərə malik olduğunu gördüm. Mənim üçün belə bir yerdə döyüşmək böyük şərəf idi. Biz hücum edib irəli gedirdik. Düşmənin qurduğu istehkamları, postları dağıdaraq hərəkət edirdik. Düşmən bizə hücum edirdi, ancaq hərbçilərimiz onları atəşlə qarşılayanda, onlar gəldikləri avtomobilləri, silah-sursatları qoyub qaçırdılar".
Mətin Abdinov bildirdi ki, düşmən döyüş zamanı hər cür hiyləyə əl atır. Hətta, çaşdırmaq məqsədi ilə döyüş texnikalarına Azərbaycan bayrağını asır:
"Biz hücum zamanı qarşıda 3 tankın olduğunu gördük. Məruzə etdik ki, 3 Azərbaycan tankı dayanıb. Dedilər ki, ola bilsin, bizim başqa briqadanın tanklarıdır, gözləmə mövqeyində dayanın. Lakin bir anlıq həmin tankların bizə doğru hərəkət etdiyini hiss elədim. Mən yenə vəziyyəti xəbər verdım. Dedilər ki, "Bir də diqqətlə baxın, düşmən tankı olduğundan tam əmin olduqdan sonra hücum edin". Təxminən 200 metr qalmış tanklar bizə atəş açmağa başladılar. Biz də atəş əmri alıb tanklardan ikisini vurduq. Yaxınlaşanda gördük ki, onlar öz tanklarını bizim tanklar kimi rəngləyiblər, üzərinə də Azərbaycan bayrağı yapışdırıblar. Biz ikisini vurandan sonra digər tank geri çəkildi. Həmin tankları vuran əsgərim Şuşada şəhid oldu. Cəsarətli adam idi. Çox kədərlənmişdim".
Qazi kapitan döyüş vaxtı yanına mərmi düşdüyü üçün ağır yaralanır. Bundan sonra huşunu itirən Mətin Abdinov film səhnələrini xatırladan hadisələrlə üzləşir:
"Noyabr ayının 2-i idi, Şuşaya hücumla bağlı əmr aldım. Bölüklə qısa söhbət etdikdən sonra biz hərəkətə keçdik. Sıldırım qayalarla Şuşaya çıxmağa başladıq. Çünki yollar ermənilərin nəzarətində idi. Onlar yolu görürdülər. Bizə hücum vaxtı ayaq səslərimiz eşidilməsin deyə xüsusi ayaqqabı vermişdilər.
Tam yüksəkliyə qalxdıq və güclü atışma başladı. Biz atışa-atışa yuxarı qalxırdıq. Həmin yüksəkliyi aldıq və qarşı tərəfə hücuma keçməyə başladıq. Güclü atışma gedirdi. Ermənilər qaçırdılar. Sonra bir an mən hiss elədim ki, ermənilər sağa-sola səpmə hərəkəti edirlər. Bu mənə təəccüblü gəldi, məruzə etdim. Sən demə ermənilər bu hərəkətlə minamyota "yer açırlarmış". Mərmi gəldi, qarşımda partladı, məni qaldırıb daşa çırpdı və ağız dişlərimi tökdü. Huşumu itirdim, ayılanda artıq hiss elədim ki, kimsə məni sürüyə-sürüyə aparır. Bir anlıq elə bildim ki, əsir götürüblər. Əlimi atıb tapançanı götürdüm, ya özümü, ya da məni aparanı vurmaq istədim. Ancaq gördüm ki, əllərim qan içindədir, hərəkət etdirə bilmədim. Məni sürüyəndə çox əziyyət çəkirdim, başımı güclə qaldıranda gördüm ki, rabitəçimdir. Özü də kürəyindən ağır yaralıdır. Özü yaralı olsa da, mənə kömək edirdi. Təxminən 6-7 saat məni piyada apardılar. Məni Ural-a qoyub aparmaq istədilər, ancaq onu vurdular deyə, çox hərəkət edə bilmədik. Sonra UAZ-a qoydular. Onunla atış məsafəsindən çıxa bildik. Artıq iki litrdən artıq qan itirmişdim, özümdə deyildim. Maşında olan həkim köməkçisi nəbzimi yoxladı və məruzə etdi ki, komandir şəhid olub.

"Komandir burnuma nə gözəl qoxu gəlir", - dedi və gözlərini yumdu...
Mətin Abdinov dedi ki, çox qan itirdiyinə görə, həkim köməkçisi nəbzin atışlarını hiss edə bilmir. Hərəkət edə bilməsə belə, ətrafda baş verənləri anlayır:
"Həkim köməkçisi "Komandir şəhid olub" deyə məruzə edəndə mən onu eşidirdim. Ancaq cavab verə bilmirdim ki, şəhid olmamışam, yaşayıram. Ona dedilər ki, komandiri Hadruta çatdırın. Məni çatdırdılar və sağ olduğumu bildilər. Təcili əməliyyata apardılar. Əməliyyat olunarkən yarıda ayıldım. Gördüm ki, əl barmaqlarımı kəsirlər. Yavaşca, "Kəsməyin", - dedim. Yanımdakı həkim onlara: "Ayıldı", - dedi. Sonra yenidən mənə dərman verdilər, yuxuya getdim. Ayılanda gördüm ki, sağ əlimin iki barmağı kəsilib, sol ayağımın barmaqları bağlanıb. Hər yerim sarğıda idi. Həkimlərimə təşəkkür elədim ki, məni həyata qaytardılar".
Mətin Abdinov müharibə vaxtı unuda bilmədiyi bir xatirəsini də danışdı:
"Xocavənd istiqamətində güclü döyüş gedirdi. Barıt qoxusundan, tüstüdən göz açmaq mümkün deyildi. Nəfəs ala bilmirdik. Orada bir əsgərim ağır yaralandı. Mən əsgərə yaxınlaşıb qucaqlayanda, əsgər mənə dedi ki, komandir burnuma nə gözəl iy gəlir. Artıq onu deyəndə hiss elədim ki, əsgər şəhid olur. Çünki, onu deyib gözlərini yumdu. Biz özümüzlə su götürmüşdük. Həmin su ilə şəhidlərimizin üzünü yuyurduq. Şəhidlərimizin hamısının üzləri nur kimi idi".

Şəhid olacağını anladı və həkimə, "Siz o biri yaralılarla məşğul olun", - dedi...

İkinci Qarabağ Müharibəsi zamanı cəsarəti, fədakarlığı ilə yadda qalan qəhrəmanlardan biri də şəhid Elgün Quliyevdir. O, 17 sentyabr 1992-ci ildə Şamaxı rayonu Göylər kəndində anadan olmuşdu. Uşaq yaşlarından elmə, təhsilə böyük maraq göstərir, dərslərini yaxşı oxuyurdu. 2007-ci ildə Şəki İslam Hafizlik Kollecinə daxil oldu və 1 il sonra həmin kollecdən məzun oldu. Quran hafizi idi. Daha sonra Sumqayıt Dövlət Universitetində tarix müəllimliyi ixtisasını bitirdi.
Bir müddət müxtəlif işlərdə çalışsa da, pandemiya olduğu üçün yenidən rayona qayıdır, müəllimlərin işə qəbulu üzrə hazırlaşır və Lerik rayonunun Sors kəndində tarix müəllimliyini qazanır. Ancaq hələ müəllim kimi fəaliyyətə başlamamış müharibədə iştirak etmək üçün könüllü yazılır və döyüş bölgəsınə yola düşür. Şuşaya qədər gedir, noyabr ayının 9-da şəhid olur. Şəhidin atası Asif Quliyev bildirdi ki, oğlu döyüşlərə sevinc və inam hissi ilə iştifak edirdi:
"Yaralananda həkim müdaxilə etmək istəyir. O isə həkimə: "Yüngül yaralılarla məşğul ol", - deyə cavab verir. Son sözü də: "Mən artıq zirvəyə qalxıram", olur".
Elgünün müharibəyə gedərkən dediyi son sözü isə: "Tarix müəllimi işləyə bilmədik, bəlkə tarix yazdıq", - olur.

Fraza jurnalı,
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top