Özünü qumbaraya sipər edərək əsgər və zabit yoldaşlarını xilas edən şəhid leytenant – FOTO + VİDEO


"2 il yarım idi ki, sevdiyi qız var idi. Elçi getməyə hazırlaşırdıq. İyulun 31-də, yəni ad günündə də toyunu nəzərdə tutmuşduq, qismət olmadı".
Bu sözləri Yeniavaz.com-a Vətən müharibəsinin qəhrəman şəhidlərindən Nicat Məmmədlinin anası Minayə xanım deyib. O bildirib ki, Nicat şəhidlik məqamına yüksələrkən 30-a yaxın əsgər və zabit yoldaşının həyatını xilas edib:
“31 iyul 1999-cu ildə Culfa rayonunda anadan olub. 2005-ci ildən etibarən Culfa şəhər 2 nömrəli tam orta məktəbin birinci sinfində təhsil almağa başlayıb. 2013-cü ildə isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olub. 4 il sonraHeydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub və 2020-ci ildə AHM-i fərqlənmə ilə bitirib. Ali Hərbi Məktəbdən məzun olduqdan sonra Ağdamda xidmət etməyə başladı. Ondan sonra bir də heç vaxt evə gələ bilmədi. AHM-də oxuduğu müddətdə ildə iki dəfə - fevral və avqust aylarında gəlirdi. Ancaq daha sonra məzuniyyətini götürə bilmədi deyə gələ bilmədi. Sadəcə bir həftəlik Bakıda bacısıgildə qaldı. Ancaq telefonda danışırdıq. Müharibəyə gedəcəyi ilə bağlı bizə heç nə deməmişdi. Şəhid olmamışdan 3-4 saat qabaq da mesaj yazmışdı ki, döyüşdə deyiləm. Şəhid olması ilə bağlı xəbəri bizə qaynım verdi. Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub. Bildiyimiz qədərilə özünü qumbaraya sipər edərək 30-a yaxın əsgər və zabitin həyatını xilas edib. Oktyabrın 4-də şəhidlik zirvəsinə ucalıb”.

Minayə xanım bildirib ki, Nicat müharibə mövzusunda roman da yazıb: 
“Çox savadlı idi, bütün elmlərə maraq göstərirdi. Özü roman yazmışdı. Romanı əlimizə gəlib çıxmadı. Yanındakı dostlarından öyrənmişik bunu. Müharibə mövzusunda olub yazdığı roman. Təəssüf ki, dostları romanın adını xatırlaya bilməyiblər”.
Minayə xanım şəhidin 20-ci yaş gününün ailəsi ilə qeyd etməsinin görüntülərini də redaksiyamıza təqdim edib. 
Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Nicat Məmmədli ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Allah rəhmət eləsin!


DİGƏR XƏBƏRLƏR

Top