Nəfəs alətləri orkestrinin bədii rəhbəri olmuş Lütfi Qədirov həbsxanada aclıq edir


Azərbaycan Dövlət Nəfəs alətləri orkestrinin bədii rəhbəri olduğu zaman həbs edilən Lütfi Qədirovun məhkəməsi keçirilir.

Cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.

Yeniavaz.com Musavat-a istinadən xəbər verir ki, sonuncu iclasda məlum olub ki, Lütfi Qədirov aclıq aksiyası keçirir.

O, ittihamla razılaşmır. L.Qədirov 20 gündən artıqdır saxlanıldığı təcridxanada aclıq edir.

L.Qədirovun vəkili məhkəməyə bildirib ki, müdafiə etdiyi şəxs hakimlərə də etiraz edir. L.Qədirov danışmayıb və suallara da cavab verməyib.

Hakim bildirib ki, əgər təqsirləndirilən şəxs danışmırsa, məhkəməyə etirazını əsaslandırmırsa, təsdiq etmirsə, proses davam edə bilməz.

Hakim Zeynal Ağayev prosesi təxirə salıb.

Qeyd edək ki, Lütfi Qədirov Baş Prokurorluğun əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, Lütfi Qədirov 2010-2020-ci illərdə Azərbaycan Dövlət Nəfəs alətləri orkestrinin bədii rəhbəri işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar tabeçiliyində olan əməkdaşlara ümumi himayədarlıq və laqeydlik müqabilində onlardan külli miqdarda rüşvət almasına dair kifayət qədər dəlillər aşkar edildiyindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İstintaqla Lütfi Qədirovun Orkestrin vəzifəli şəxsləri ilə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə əsasən korrupsiya sxemlərindən istifadə etməklə, Orkestrdə müxtəlif vəzifələrdə fəaliyyət göstərən ayrı-ayrı şəxslərə 2017-ci ilin yanvar ayından 2020-ci ilin iyul ayınadək olan müddət ərzində işə gəlməyərək əmək funksiyalarını yerinə yetirməmələrinə baxmayaraq, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməyib xidmət illəri üzrə əmək stajının hesablanması müqabilində əməkdaşların hər biri üçün ayrılmış plastik kart hesablarına köçürülmüş əmək haqqının 85-90 faiz həcmini təşkil edən ümumilikdə 54 min manatdan artıq məbləğdə pul vəsaitini özü və qabaqcadan əlbir olduğu şəxslər üçün rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 311.3-cü (qabaqcadan əlbir olaraq külli miqdarda təkrar rüşvət alma) maddəsi ilə ittiham elan olunub.

Lütfi Qədirovun cinayət işi üzrə məhkəmə araşdırması zamanı məlum olub ki, o ayrı-ayrı şəxslərin adına açılmış kartlara köçürülən vəsaiti şəxsi ehtiyaclarına xərcləyib. İşçilərinin bir neçəsi ilə razılaşıb ki, işə gəlməsinlər, amma əmək stajının yazılmasının qarşılığında əmək haqlarını özü alsın.

DİGƏR XƏBƏRLƏR

Top