Mingəçevirdə Vətən müharibəsi şəhidlərinin xatirəsinə 51 ağac əkildi - FOTOLAR


Şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün Mingəçevir Şəhər Təhsil Şöbəsi və Uşaq Gənclər İnkişaf mərkəzinin birgə təşəbbüsü ilə həyata keçirilən aksiyada şəhər 7 saylı tam orta məktəbin həyətində 44 günlük Vətən müharibəsinin Mingəçevirdən olan 51 şəhidinin hər birinin adına bir sərv ağacı əkildi.
Yeniavaz.com xəbər verir ki, bu aksiyaya böyük həvəslə məktəb direktorları və şəhid valideyinləri də qoşulub. Aksiyada çıxış edən Mingəçevir şəhər Təhsil şöbəsinin müdir əvəzi Zamik Cəbiyev çıxış edərək bildirib ki, illərlə xilaskar, ər oğullarının həsrətlə yolunu gözləyən əsir, viranə yurd yerlərimiz azadlığına qovuşdu: ” Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsi rəşadətli Azərbaycan Ordusunun böyük qələbəsi ilə başa çatdı. Qəhrəman Vətən övladlarının dönməz, şərəfli mübarizə yolunda göstərdiyi misilsiz şücaəti, qanı, canı bahasına. Vətənimizin qeyrətli, mətin oğulları Azərbaycanın ərazi bütövlüyü uğrunda odlardan, alovlardan keçərək, igidlikləri ilə şanlı hərb tariximizə yeni-yeni səhifələr yazdılar. Biz Azərbaycanın bütövlüyü uğrunda canınada keçən bütün şəhidlərinin adını əbədiləşdirmək üçün digər məktəblərin də həyatyanı sahəsində də bu aksiyaları davam etdirəcəyik”.

Mingəşevir Uşaq Gənclər İnkişaf mərkəzinin direktoru Ədalət Quliyeva isə Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda şəhid olan oğulların xatirəsi həmişə qəlbimizdə yaşayacağını deyib. O bildirib ki,Mingəçevirin bütün şəhidlərinin hər birinin adına bundan sonra da ağacəkmə aksiyası davam edəcək. Tural və Musa şəhid qardaşların anası Nəhayət Həsənova keçirilən bu aksiyaya görə öz təşəkkürünü bildirərək deyib ki, bu gün onun döğum günüdür: ”Elə bildim oğullarım gəlib məni təbrik etdi. Çox fəxrlə deyə bilərəm ki, Vətən torpağının azad olunmasında mənim də iki şəhid balamın payı var”. Şəhid Atiq İbrahimovun atası Ariz İbrahimov göz yaşlarına hakim ola bilməsə də, bu gün keçirilən bu aksiyada bir şəhid atası kimi iştirak etdiyinə görə öz minnətdarlığını bildirib: ”44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan öz doğma torpaqlarına qovuşdu. Mən fəxr edirəm ki, bizim qəhrəman oğullarımız bu sevinci doğma elinə-obasına yaşatdı”. Dünənə qədər yaxınlarının gözündə sadə, təvazökar, məsum olan oğullar sonradan elə tarix yazdılar ki, onların qəhrəmanlığı dillərdə dastan oldu. Onlar erməni sədlərini darmadağın etməklə yanaşı, xain düşmənimizi qarşılarında diz çökdürdülər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top