Adil Qeybulla: "Sosial şəbəkələrdə əsassız fikir səsləndirənlər pandemiya ilə mübarizəyə mane olurlar"


Dünyanı cənginə alan koronavirus bir ildən çoxdur ki, bitmək bilmir. İlk dəfə 2019-cu ildə Çinin Uhan şəhərindən sürətlə bütün dünyaya yayılmağa başlayan bu virus son günlər ölkəmizdə də sürətlə artmaqda davam edir. Belə ki, 2021-ci ilin fevral ayından mərhələli şəkildə ölkə ərazisində karantin qaydaları yumşaldıldı. Bir müddət yoluxma dinamikasında artım müşahidə edilməsə də, artıq bir neçə gündür ki, koronavirusa yoluxanların sayı 2 mini keçib. Eyni zamanda dünyasını dəyişənlərin sayında da artım müşahidə edilir. 

Son zamanlar koronavirus infeksiyasına yoluxma hallarının sürətlə artması ilə bağlı Yeniavaz.com-a danışan tanınmış onkoloq-həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla artıq koronavirusun üçüncü dalğasının başlandığını deyib: “Bu, Avropa ölkələrində də elan olunub. Azərbaycan da daxil olmaqla, yoluxma sayı həddindən artıq çoxdur. Xəstəxanalarda ağır xəstələr çoxdur, onlar arasında uşaqlar, gənclər də var. Bütün bunlar da narahatlıq yaradır. Pandemiya ilə mübarizə getsə də, çox çətin gedir və hələ də koronavirusun varlığına inanmayanlar var. Onlar digər insanların fikirlərinə meyil edən şəxslərdir və nə eşidirlərsə, ona da tabe olurlar. Sosial şəbəkələrdə əsassız fikir səsləndirənlər adətən pandemiya ilə mübarizəyə mane olurlar. İnsanlarda inamsızlığın yaranmasının əsas səbəbi odur ki, maarifləndirmə prosesi çox zəifdir”.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top