“Minaya düşdüm, məni oradan çıxarmaq istədilər, daha bir mina partladı” - Qazi Allahverən Nuralıyev


İkinci Qarabağ müharibəsində iştirak edən cəsur döyüşçülərdən biri də qazi, kapitan Nuralıyev Allahverəndir. Müharibə vaxtı ağır döyüş yolu keçən qazimiz bir kapitan, bir əsgər və bir MAXE ilə hərbi tapşırığı yerinə yetirərkən minaya düşür, ayağını itirir. Dostlarına “Siz mənə görə qalmayın, davam edin” desə də, onu tək buraxmaq istəmirlər. Bir neçə dəqiqə sonra İslamovla Əlizadə kapitan Nuralıyevi dərədən açıq yerə çıxarıb kömək çağırmaq istəyirlər. Onlar Allahverəni oradan çıxarmaq istəyəndə daha bir mina partlayır...

Hərbçilərimiz düşmənə qarşı mübarizədən, düşdükləri ağır döyüş vəziyyətindən və bu vəziyyətdən necə çıxmalarından danışdılar.

Kapitan Allahverən Nuralıyev 2020-ci il sentyabrın 27-də Ermənistanın törətdiyi təxribatdan sonra ordumuzun əks-hücum əməliyyatı nəticəsində döyüşə başlayan zabitlərimizdəndir. Həmin gün səhər saatlarında kapitan Nuralıyevin başçılıq etdiyi tabora strateji yüksəkliyin alınması barədə hərbi tapşırıq verilir. Döyüş yoldaşları ilə birgə irəliləyən qazimiz düşmənin ilk müdafiə xəttini yarır. Ancaq minaatan batareyanın daha effektiv olması üçün irəlidə yeni komanda müşahidə məntəqəsi tutmaq lazım idi:
“Mən özüm hücumu idarə edirdim. Biz ilk hücumla onların istehkamlarını yarmağa müvəffəq olduq. İrəliləməli idik, ancaq bizim 80 mm-lik minaatan batareyamızın mərmiləri düşmənə çatmırdı. Ona görə də, bizə yerdəyişmə vacib idi. Biz hakim yüksəkliklərdən birində komanda müşahidə məntəqəsi tutmalı idik. Mən kapitan İslamovu çağırıb ona bu barədə məlumat verdim. Razılaşdıq və “Satqo”ya minib bizdən əvvəl gedən BMP-nin izi ilə irəliləməyə başladıq. Ancaq biz bu şəkildə çox gedə bilməzdik. Düşmən bizi görüb vura bilərdi. Bütün bu müddət ərzində 120 mm-lik minaatan batareya atəşləri davam edirdi. Biz avtomobildən düşdük, yeni komanda müşahidə məntəqəsi tutmaq üçün irəliləyəndə düşmənin burada da bizi vura biləcəyini hiss etdik. Ona görə də, səngərə enib ora ilə hərəkət etməyə başladıq”.

Kapitan Nuralıyev bir kapitan, bir MAXE və bir əsgərlə səngərə düşüb yeni komanda müşahidə məntəqəsi tutmaq üçün irəliləməyə başlayır. Bir neçə dəqiqə keçəndən sonra onun doğru qərar verdiyi məlum olur. Ermənilər onların yerini təyin edir və atəşə tutmağa başlayırlar. Hətta onların irəlilədiyi səngərin üzərinə də mərmi düşür. Bir müddət səngərlə getdikdən sonra müharibənin ən ağır sınaqlarından biri ilə qarşılaşırlar:
“Biz irəliləyirdik. Bizdən qabaqda MAXE gedirdi, sonra mən, arxamda kapitan İslamov, ən sonda da bir əsgər bizimlə birlikdə gəlirdi. Bir neçə addım atdıq, əvvəl MAXE keçdi, sonra həmin yerdən mən keçəndə partlayış baş verdi. Hər şey birdən oldu. Heç nə hiss etmədim, arxasıüstə düşdüm. Sonra əyilib baxanda gördüm ki, ayağım yoxdur. Ancaq döyüş əməliyyatını davam etdirmək lazım idi. Mən döyüş yoldaşlarıma dedim ki, mənə görə qalmayın, siz gedin.
Çünki taborum irəliləyirdi, dəstək verən yeganə dəstə isə artilleriya idi. Bu vaxt ərzində qoşunlarımız demək olar ki, ikinci eşalonu da keçmişdi. Mən də hərəkət edib taborun arxasınca getməli idim. Ancaq yaralı idim, əllərimdən də qan axırdı. Qoşunun irəliləməsinin vacibliyini bilirdim. Düşmən çox mövqelər qurmuşdu. Birinci, ikinci, üçüncü eşalon var idi. Çox müqavimət göstərirdilər, ancaq bizim qoşunun qarşısında tab gətirə bilmirdilər”.

Ancaq döyüş yoldaşları kapitan Nuralıyevi tək qoyub getməyə razı olmurlar. Qısa vaxtda qərara gəlirlər ki, Allahverəni digər hərbçilərin, tibb xidmətinin tapa biləcəyi bir yerə çıxarıb döyüşə davam etsinlər. Ancaq, qazilərimiz daha ağır bir vəziyyətlə üz-üzə qalırlar:
“Partlayış olandan sonra yerdə bir neçə minanın üstü açılmışdı. Çox güman ki, düşmən qısa müddət əvvəl həmin minaları düzmüşdü, çünki, rahat şəkildə üstünün torpağı təmizlənmişdi. Bir neçə mina açıq şəkildə görünürdü. Məni açıq bir yerə çıxarmaq istədilər. Kapitan İslamov sağ qoluma, MAXE Əlizadə sol qoluma girdi, bir ayağımın üzərində dura bildim. Dərənin içində olduğumuza görə, radiostansiya yaxşı tutmurdu. Buna görə də, təxliyə üçün məlumat vermək mümkün olmurdu. Kapitan İslamov bir addım atmışdı ki, yenə minaya düşdük. Partlayış oldu, məni də, digər iki hərbçini də qaldırıb yerə çırpdı. Hərəmiz bir tərəfə düşdük. Artıq bundan sonra vəziyyətimiz daha da pisləşdi. Mənim bir neçə dəqiqə əvvəl minaya düşən ayağım yenidən parçalandı, kapitan İslamov ayağını itirdi, MAXE Əlizadənin əli kəsildi. Üçümüz də ağır vəziyyətə düşdük. Əsgəri isə yaxınımıza buraxmırdıq. Bir-iki dəqiqədən sonra özümə gəldim, əsgərə təpəyə çıxıb radiostansiya ilə təxliyyə üçün xəbər verməsini istədim. Bu sözü dedim və üzüüstə yerə uzandım. Bütün bədənim göynəyirdi. Həmin an həyatda insanın ağlından, xəyalından keçən hər şey bir anlıq gözünün qabağına gəlir. Allah heç kimə göstərməsin, həmin vaxt hər şeyi düşünürsən. Ailə, ata, ana insanın gözünün önündən keçir. Əsgər radiostansiya ilə əlaqəyə çıxdı. Mən həmin vaxt huşumu itirmişdim. 5-6 dəqiqə özümdə olmadım. Bir də ayılanda gördüm ki, sağımda, solumda heç kim yoxdur”.

Döyüş yoldaşlarının vəziyyətinin ağır olduğunu görən kapitan İslamov özündə güc tapıb yaralı halda təpəni qalxıb təxliyyə maşınına xəbər verə bilmişdi. Bir neçə dəqiqədən sonra həkimlər artıq minaya düşən döyüşçülərimizə yardım göstərməyə başlamışdılar:

“Bizə yardım göstərən MAXE-lərdən biri divara söykənə-söykənə məni aparmağa başladı ki, minaya düşməyək. Məni BMP-nin içinə qoydular. Ayağımı qayışla bağlamışdılar. Mən özümü narahat hiss etdim və onu açmalarını istədim. Çünki birinci partlayışda onsuz da qan axmırdı, ikinci partlayışdan sonra isə ayağım parçalanmışdı. Həkimlər kəməri açıb baldır hissədən bağladılar. Onda ikiqat pis oldum. Elə bildim ki, ayağımı daha yuxarıdan kəsəcəklər. BMP-yə minəndə ayağımda sümük aralanıb görsənirdi. Sonra məni Əhmədbəyli hospitalına apardılar. Orada ilk tibbi yarıdm göstərildi, onda da özümdə deyildim. Ayılanda gördüm ki, Ağcabədi xəstəxanasına aparırlar, orada da əməliyyat olundum. Bir həftəyə qədər müalicə aldım. Sonra Bakıya Respublika xəstəxanasına göndərdilər, orada da müalicə olundum. İndi evdə müalicə alıram, ayağımın parçalanan hissəsinin birləşməsi üçün vaxta ehtiyac var”.

Uzun illərdir ön xətdə, Füzuli istiqamətində xidmət etdiyini bildirən Kapitan Nuralıyev Allahverən Aprel Döyüşlərində də iştirak etdiyini vurğuladı. Bir neçə dəfə medalla təltif edilən qazimiz ölkə başçısından bir istəyinin olduğunu bildirdi:
“Mən bu gün sevinirəm ki, şəhidlərimizin qanı yerdə qalmadı. Əmim də şəhiddir. Hərbçi olmağımın səbəblərindən biri də o idi. Mən ayağımı itirsəm də, buna heyifsilənmirəm. Döyüş yoldaşlarım da heyifsilənmirlər. Hamımız “Vətən sağ olsun” deyirik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Müdafiə Nazirliyinin sərəncamı ilə üçüncü dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif olunmuşam. Müharibədən sonra “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşam. Mənə cənab Ali Baş Komandan icazə versə, ayağım yerinə taxılandan sonra yenidən xidmətə davam etmək istəyirəm. Mənim iki batareyam orada qalıb. Mən gecə-gündüz onları fikirləşirəm. Mümkünsə, məni xidmətə geri qaytarsınlar. Əgər orada olmasa, Azərbaycanın Ali Hərbi Məktəbində dərs deyə bilərəm. Mənim vəzifəm də, rütbəm də buna imkan verir”.

Fraza jurnalı, 
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top