“Aztelekom” adı cinayət işində hallanan şirkətdən 4,2 milyon manata dirəklər alacaq - TƏFƏRRÜAT


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, müsabiqənin qalibi “Optik Tikinti və Montaj” MMC olub.
“Optik Tikinti və Montaj” MMC “Aztelekom”a hündürlüyü 6,5 metr, 100x100 mm dördkünc profildən, divar qalınlığı 3 mm olan 35 000 ədəd dəmir dirəklər satacaq. Satılan dirəklərin qarşılığnda “Optik Tikinti və Montaj” MMC “Aztelekom”dan 4 milyon 233 min 250 manat alacaq. Rəqəmlərdən də göründüyü kimi bir ədəd dirəyin qiyməti 120 manat 95 qəpik təşkil edir.
Məlumat üçün bildirək ki, “Optik Tikinti və Montaj” MMC (VÖEN-1802297051) 21.02.2014-cü ildə dövlət qeydiyyatından keçib. Hüquqi ünvanı “Sabunçu rayonu, Sabunçu ŞTQ, Anaşkin, ev 55A”-da yerləşən MMC-nin nizamnamı kapitalı 10 manata bərabərdir. MMC-nin qanuni təmsilçisi Məmmədov Rəşad Yaqub oğludur.
Onu da bildirək ki, “Optik Tikinti və Montaj” MMC-nin adı daha əvvəl Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində RYTN-in sabiq yüksək rütbəli məmurları ilə bağlı aparılan cinayət işində keçib.
“Rabitə işi” olaraq bilinən və 2017-ci ildə  RYTN sabiq aparat rəhbəri Vidadi Zeynalovun 13 il azadlıqdan məhrum ediləmislə nəticələnən cinayət işində daha doqquz nəfər "külli miqdarda mənimsəmə" və "vəzifə səlahiyyətlərindən sui-istifadə" maddələri ilə ittiham ediliblər. Həbs olunanlar arasında "Optik Rabitə Tikinti və Quraşdırma" MMC-nin direktoru Namazalı Məmmədov da olub və o 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, "Optik Rabitə Tikinti və Quraşdırma" MMC-nin direktoru Namazəli Məmmədovun “Aztelekom”a 4,2 milyon manatlıq dirək satmağa hazırlaşan “Optik Tikinti və Montaj" MMC-nin qanuni təmsilçisi Məmmədov Rəşad Yaqub oğlunun qohumu olduğu bildirilir. Bu barədə mətbuatda dəfələrlə məlumat yayılıb.
Hazırda “Optik Tikinti və Montaj" MMC-yə məxsus veb-saytda da şirkətin ünvanı olaraq göstərilən “Nərimanov rayonu Dərnəgül şossesi küç. 507, məhəllə 2113” eyni zamanda "Optik Rabitə Tikinti və Quraşdırma" MMC-nin hüquqi ünvanıdır.
Mətbuatda yer alan məlumatlardan belə görünür ki, “Optik Tikinti və Montaj" MMC-nin
Qanuni təmsilçisi Rəşad Məmmədov da “Rabitə işi”ndı şahid qismində istintaq cəlb olunub. Cinayət işinin istintaqı zamanı ifadə verən Rəşad Məmmədov bildirib ki, təsisçisi olduğu “Optik Tikinti və Montaj" MMC-nin fəaliyyəti optik kabel quyularının tikintisi, optik kabelin çəkilişi və montajından ibarət olub. Rəşad Məmmədov istintaqa verdiyi ifadədə Namazəli Məmmədovun dəstəyi ilə "Optik Tikinti və Montaj" MMC-nin Kürdəmir Telefon Kommunikasiya Qovşağında (TKQ) elan olunan kotirovkada iştirak edərək qalib elan olduğunu bildirib.
Xatırladaq ki, 2018-ci ildə “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazəli Məmmədov hökmdən apellyasiya şikayəti verib və Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə N.Məmmədovun barəsində şərti cəza verilərək məhkəmədən azadlığa buraxılıb.
A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top