SN-nin rəsmisi: "Hər kəs bilir ki, ictimai nəqliyyat koronavirusun yayılmasında..." - VİDEO


“Bütün hallarda karantin qaydalarının tətbiqi və sərtləşdirilməsi Operativ Qərargahın qərarından asılıdır. Təbii ki, epidemik durum nəzərə alınaraq müvafiq qərar qəbul edilə bilər”. 
Yeniavaz.com xəbər verir ki, bu sözləri “ARB 24”ün “Nə baş verir?” verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov deyib.
O qeyd edib ki, Novruz bayramı ərəfəsində 10 gün ictimai nəqliyyat işləməsə də, yoluxma sayında artım baş verdi: 
“Hər kəs bilir ki, ictimai nəqliyyat koronavirusun yayılmasında yeganə olmasa da, ən başlıca amillərdən biridir. Digər tərəfdən kütləvi tədbirlər, toylar, yas mərasimləri, ad günləri və sıxlıq olan bütün yerlər yoluxmanın artmasına səbəb olur. Ən ciddi yoluxmalar bu hallarda baş verir. Ona görə, bu cür tədbirlərin məhdudlaşdırılmasının davam etdirilməsi və sanitar gigiyenik normalara nəzarətin gücləndirilməsi vacibdir. Onu da qeyd edim ki, Bakı əhalisinin müəyyən qismi artıq koronavirus infeksiyasına yoluxub və sağalıb. Regionlarda isə yoluxma statistikası az olub. Buna görə də regionlarımızın qorunması çox vacibdir. Həmin ərazidə yoluxma alovlanarsa, sürətlə davam edə bilər”. 
N.Seyidov onu da qeyd edib ki, mütəxəssislər bu ilin sonunadək pandemiyanın azala biləcəyini proqnozlaşdırır: “Bəzi Avropa ölkələri ehtimal edir ki, noyabr-dekabr, ABŞ isə iyun ayının 4-ə qədər pandemiya ilə mübarizədə böyük dönüş edəcəklər. Əhali sayı az olan və vaksinasiya prosesi sürətlə gedən ölkələrdə isə ilin sonunadək pandemiyanın azala biləcəyini proqnozlaşdırılır”. 

DİGƏR XƏBƏRLƏR

Top