Müharibədən sonra hərbi geyimi əyinindən çıxaran döyüşçülərin həyatlarında nə dəyişdi?


Bu yaxınlarda redaksiyamıza Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlayan Vətən Müharibəsində iştirak edərək yaralanmış qazimizin adından yazı daxil olub.
Yeniavaz.com xəbər verir ki, qazi sözügedən yazıda əynindən hərbi geyimi çıxardığı andan etibarən yaşadıqlarını, özünün timsalında isə bütün döyüşçü yoldaşlarının düşüncələrini dilə gətirib:
"Müharibənin bitməsindən artıq 3 aydan çox vaxt keçib. Çox hadisələr unudulub, hər şey arxada qalıb və həyat öz axarı ilə davam edir. Bəs görəsən müharibə iştirakçılarında vəziyyət necədir? Əslində tarix göstərir ki, müharibələr cəmiyyətə həmişə aqressiv insanlar "bəxş edir". Adətən snayperlər, killerlər, "bomjlar" və ya sadəcə əsəblərini cilovlaya bilməyib qatil olan insanlar müharibə iştirakçıları olur. Bunu onları pisləmək üçünmü deyirəm? Əsla! İlk növbədə mən də onlardan biriyəm çünki.
Bir çox ön cəbhədə döyüşlərdə iştirak etmiş insanlardan etdiyim sorğu sual nəticəsində belə qənaətə gəldim ki, problem təkcə məndə deyil, hamımızdadır. Bəs problem nədir? Və ya nədədir? Uyğunlaşa bilməməkdə. Bu problemdən çox da əziyyət çəkməyən yeganə kütlə müharibədən gəldikdən qısa müddət sonra işləyən insanlardır. Hansı ki, əksəriyyətində işə də uyğunlaşmaq çətin olub, amma hardasa başları qarışır deyə nisbətən uzaqlaşıblar gərginlikdən. Yəni problemin kökü həll olunmasa da iş onlarda "ağrıkəsici" effekti yaradır. "Shawshank redemption" adlı bir film var. Çox məşhur filmdir. Orada bir qatil qoca yaşında illər sonra azadlığa buraxılır və illərlə türmədə qaldıqdan sonra normal həyata uyğunlaşa bilmir. Ən sonda isə intihar edir. Üzülərək demək istəyirəm ki, müharibə, ön cəbhədə vuruşan, səngərlərdə düşmənlə çarpışan əsgərləri bu həyatdan qopardı. Orada olan qan, qışqırıq, partlayış, şəhid olan yoldaşlarımızın üzləri bizi həyatdan qoparmağı bacardı.
Yeri gəlmişkən mənə görə müharibənin ən çətin anları bu gün bir yerdə gülüb danışdığın döyüşçü yoldaşının cansız bədənini sabah əllərinlə daşımaq idi.

Müharibədə nə baş verir?..
Müharibədə əgər qalib gəlirsiz sə, siz əsl azadlığı qazanırsız, heç kim sizə heçnə demir. Ərazini azad etmiş və ya lazımi obyekti ələ keçirmisizsə, deməli oranın hakimi sizsiz. Bu əsrlərdir olan əsgər "mükafatı" dır. Azadlığın ən pik nöqtəsində həmişə anarxiya olur. Hansı ki, xoşbəxtlikdən bizdə belə olmadı. Döyüşlər vaxtı sanki vəhşiləşdiyimi hiss edirdim, ara-sıra oturub fikirləşirdim ki, qızğın atışmada olan mənlə sakit vaxt olan mən arasında böyük fərq var. Bəlkə də bu vəhşiliyin sayəsində evə salamat gəldim, amma formanı soyunduqdan sonra bir andaca sanki qəfəsə düşdüm. Saat 9-dan sonra bayıra çıxmaq olmaz, mütləq maska taxmalısan, sms götürməlisən və s. Bunların hamısı o qədər ani oldu ki, mən artıq özümdən qorxmağa başlamışdım. Özümü filmdəki "Hulk" kimi hiss edirdim, bilmirdim ki, nə vaxt o idarə edə bilmədiyim vəhşi ortaya çıxacaq. Bir müddət belə davam etdikdən sonra özümdə çoxdanın arzusunu məqsəd halına çevirib onun ardınca gedirəm və beləcə biraz başımı qarışdırmış oluram. Bu məqsədi tapana qədər isə həyat daha qəliz idi, hansı ki, bu yazı məhz elə məşğuliyyət tapa bilməyən, yaşamaq üçün məqsəd və maraq tapa biməyənlər haqqındadır. Çünki müharibə əksəriyyətimizi sanki vaakuma salıb. Necə olur? Niyə olur? Tam deyə bilmərəm amma artıq istiqamət tapmaq çox çətindir. Əgər bu yazını oxuyan şəxs yuxarıda dediklərimi yaşayan və dediyim problemlərdən əziyyət çəkən biridirsə, ona nacizanə məsləhətim odur ki,  sakit otaqda oturun və düşünün. Düşünün, özünüz üçün istədiyiniz nəsə tapın və onun ardınca gedin. Qısası özünüzə qayğı göstərin, unutmayın ki, siz müharibə qalibisiz, siz güclüsünüz və siz hər şeyi bacararsız. Əgər bunu oxuyan döyüşü görməyən insandırsa, çalışın döyüşçülərə mümkün qədər hörmətlə yanaşasınız. Çünki kimlərinsə səriştəsiz işinə görə onsuz da çoxlarımız haqqımızı ala bilməmişik. Çalışın sevgiylə, qayğıyla, hörmətlə və anlayışla yanaşasınız. Unutmayın ki, qəzəbi, ancaq sevgi və qayğı məğlub edə bilər. Bu isə sizin bizə ən böyük qayğınız olacaq".
 

DİGƏR XƏBƏRLƏR

Top