Şəhidlik zirvəsinə yüksələn hər kəs haqqında deyilən sözlər eynidir. Mərd, qorxmaz, cəsur, dürüst, vicdanlı, nizam-intizamı sevən, ən əsası da qəlbi hər zaman vətən eşqi ilə döyünən qəhrəman döyüşçü... Bu dəfə haqqında danışacağımız şəhid də onlardan biri, Azərbaycan Silahlı Qüvvələrinin leytenantı Zahir Eyvaz oğlu Feyzullayev olacaq.
Yeniavaz.com xəbər verir ki, Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrinin leytenantı Zahir Eyvaz oğlu Feyzullayev 1992-ci il dekabr ayının 24-də Oğuz rayonunun Muxas kəndində anadan olub. 1999-2010-cu illər arasında Oğuz rayon Muxas kənd orta məktəbində oxuyub. 2011-ci il yanvar ayının 1-də Oğuz rayon hərbi komisarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Daxili Qoşunların N saylı hərbi hissəsində xidmət edib. 2012-ci ilin iyul ayında hərbi xidmətini başa vurub. 2013-cü ildə gizirlik kursunu bitirib. Azərbaycanda və Türkiyədə keçdiyi bütün kurslarda yüksək nəticə əldə etdiyi üçün XTQ-yə hərbi qulluqçu kimi qəbul edilib. Bundan sonra xüsusi fiziki və taktiki bacarıqlarına görə 2015-ci ildən bu bölmədə Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun Xüsusi Təyinatlı Qüvvələrində tağım komandiri vəzifəsində işləyib. 2018-ci ildə Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun Xüsusi Təyinatlı Qüvvələrinin tərkibində Günnüt kəndi ve bir sıra strateji əhəmiyyətli yüksəkliklərin düşməndən azad edilməsində iştirak edib. Göstərdiyi xidmətlərə görə 2018-ci il iyul ayının 2-də kiçik leytenant, 2019-cu il iyul ayının 2-də isə paraşütdən tullanma vaxtı göstərdiyi xüsusi şücaətinə görə leytenant rütbəsi alıb.
Zahir feyzullayev İkinci Qarabağ müharibəsi vaxtı Füzuli, Zəngilan və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Son döyüşü Xocavənd rayonunun Tuğ kəndi uğrunda olub. Döyüşlər vaxtı leytenant Feyzullayev Zahir polkovnik-leytenant şəhid Anar Əliyevin dəstəsində xidmət edib. Komandiri Anar Əliyev, Zahir Feyzullayev və daha bir döyüş yoldaşı ilə 3 nəfərlik kiçik dəstə bir neçə kəndin azad edilməsində xüsusi rol oynayıb. Anar Əliyev Zəngilan rayonunun düşməndən azad olunmasını Azərbaycan Respulikasının Prezidentinə məruzə etdiyi vaxt Zahir də həmin qrupun tərkibində yer alıb.
O, şəhid olan hər döyüş yoldaşının dəfn olunduğu gün ailəsinə zəng edərək onun qisasını onlarla ermənini məhv etməklə aldığını bildirib.
Döyüş yoldaşları danışır ki, onlar gecə vaxtı döyüş tapşırığını icra etməyə gediblər. Səhər geri qayıdanda geyimləri qan içində olub. Əvvəl onları qarşılayanlar elə zənn ediblər ki, Zahirgil yaralanıblar. Lakin sonra üstlərindəki qan izlərinin onlara yox, əlbəyaxa döyüş vaxtı məhv etdikləri ermənilərə məxsus olduğunu biliblər. Zahir dəfələrlə yaralı döyüş yoldaşlarını döyüş bölgəsindən təxliyə edib. Lakin oktyabrın 19-da Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə hücum zamanı yaxınlığına düşən mərmi onun şəhidlik zirvəsinə yüksəlməsinə səbəb olub. O, oktyabrın 20-də doğulduğu Oğuz rayonunun Muxas kənd qəbristanlığında dəfn olunub.
Bir çox şəhidimiz kimi o da əvvəlcədən ailəsini ola biləcək hər şeyə qarşı səbrli davranmalarını istəyib. Hətta anasına qolunda, başında və belində olan əlamətlərini deyib ki, ona nə isə olarsa, tapılması daha asan olsun.
Qeyd edək ki, Zahir Feyzullayev Xidməti boyunca "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif olunub. Zahir bundan savayı iştirak etdiyi bütün təlim və kurslarda yüksək nəticələr əldə edərək təltifnamələr alıb. Şəhid olandan sonra isə "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunub.
Aygün Zayıdova