Azərbaycanın Əməkdar artisti Almaniya-Türkiyə istehsalı filmə çəkilir


Azərbaycanın Əməkdar artisti Rasim Cəfər Türkiyədə bədii filmə çəkilir. Bəs film nədən bəhs edir? Əməkdar artistin filmdəki obrazı necədir?
Yeniavaz.com musavat-com-a istinadla aktyor Rasim Cəfərin müsahibəsini təqdim edir:
- Türkiyədə çəkildiyiniz film haqqında istərdik ki, ətraflı məlumat verəsiniz. Film nədən bəhs edir, yaratdığınız obraz necədir?
- Film Almaniyanın “Zeitgeist Filmproduktion” adlı kino şirkətinin istehsalıdır, “Marmara” adlanır.
Beləliklə, Almaniya şirkətinin istehsalı olsa da filmin çəkilişləri Türkiyədə aparılır. Deyə bilərəm ki, çəkilişlər Türkiyənin müxtəlif bölgələrində, o cümlədən Antalya və digər şəhərlərində olacaq.
Filmə gəldikdə isə bir ailədən bəhs edir. Ailə ata, ana və qızdan ibarətdir – ata Hasan, ana Fatma, qız Zeynəbdir.
Türk əsilli almaniyalı gənc qadın Zeynəb ərini aldatmaqda günahlandırılır. Buna görə də o, müvəqqəti olaraq Berlindən ata-anasının yanına köçmək məcburiyyətində qalır. Lakin Zeynəb burada patriarxlıqla qarşılaşır və valideynlərinin evliliyini alt-üst edir. Bütün bunlara baxmayaraq o, istədiyi bir həyatı sürür.
Filmdə ata obrazını, Hasanı mən oynayıram. Həyat yoldaşım Fatmanı Almaniyadan türk əsilli aktrisa Funda Rozildad, Zeynəbi isə türk əsilli almaniyalı aktrisa Mərvə Aksoy canlandırır.
Obrazıma gəldikdə, Hasan çox sərt və patriarxatdır. Hətta ailəsinə qarşı çox sərt münasibət göstərir. Amma Zeynəb hər şeyi alt-üst edir.
Azərbaycanlı sənətçilərdən Roza İbadova da bu filmdə rol alıb.
Filmin rejissoru türk əsilli Engin Kondaqdır. Demək olar ki, bu film beynəlxalq bir layihədir. Məsələn, operator polşalıdır, həmçinin Hollandiyadan da mütəxəssislər var. Lakin texniki heyət demək olar ki, əsasən Türkiyədəndir. Bir sözlə, film Almaniya ilə Türkiyənin müştərək işidir.
- İki ölkənin kino sahəsindəki fərqlilikləri nədən ibarətdir? Türkiyədə filmə çəkilmək üçün aktyorun qarşısına hansı şərtlər qoyulur?
- Hesab edirəm ki, elə bir xüsusi şərt yoxdur. Yəni hər yerdə necədirsə, burada da o cürdür. Aktyorla müqavilə imzalanır, hər şey qaydası ilə həyata keçirilir. Aktyorun işi rolunu oynamaq, qarşı tərəfin vəzifəsi isə bunun üçün şərait yaratmaq, aktyoru hər tərəfli təmin etməkdir.
- Türkiyədə azərbaycanlı aktyorlara münasibət necədir? Ümumiyyətlə, onların bizim film və aktyorlar barəsində anlayışları, məlumatları nə qədərdir? Daha çox hansı filmimizi bəyənirlər?
- Gördüyüm qədər Türkiyədə azərbaycanlı aktyorlara qarşı münasibət çox yaxşıdır.
Filmin baş rollarını oynayan Funda, Mərvə və mən daha çox bir yerdə oluruq. Yəni, ayrıca otağımız var, həmişə orada oturub, məşq edirik, çəkiliş üçün çağırıldığımız zaman çəkiliş məkanına gedirik. Bu səbəbdən daha çox onlarla ünsiyyətdə oluram, nəinki digərləri ilə. Lakin deyə bilərəm ki, bizim filmlər, aktyorlarımız haqqında onların o qədər də məlumatları yoxdur. Ona görə çalışıram ki, film və aktyorlarımızı onlara tanıdım.
- Təkliflər gələrsə, tamamilə Türkiyəyə köçmək ehtimalınız varmı?
- Hazırda bu haqda konkret fikir bildirmək çətindir. Dəqiq bilmirəm. Həm də bu film tam Türkiyə filmi olmadığından bilmirəm sabah yenə təkliflər ala biləcəyəm ya yox, bu gələcəyin işidir. Bəlkə Almaniyadan təklif gəldi, onda gedib orada yaşayaram (zarafatla).
Bəlkə də iş üçün köçüb, Türkiyəyə gələ bilərəm, amma ömrümün sonuna qədər burada yaşamaq haqqında hələ ki, düşünməmişəm. Amma bir daha qeyd edirəm ki, təkliflər gələrsə, dünyanın istənilən ölkəsinə gedə bilərəm.
- Azərbaycan kinosu uzun illərdir ki, durğunluq dövrünü yaşayır. Doğrudur, sanballı filmlər də çəkilir, lakin sayları çox azdır və yaxud yetərincə təbliğ olmadığından biz onları o qədər də tanımırıq. Bildiyiniz kimi bir müddət bundan əvvəl mədəniyyət nazirliyində rəhbər və kadr dəyişiklikləri oldu. Bütün bunlardan sonra kino sahəsindən hansı yeniliklər gözləyir, umursunuz?
- Təbii ki, dedikləriniz ilə razıyam. Kino sahəsinə ümidlərim və gözləntilərim böyük olub. Rəhbərlik və kadr dəyişikliklərindən sonra bu ümidlər və gözləntilər daha da artdı, çünki kino sahəsinə yeni təyin olunanları demək olar ki, şəxsən tanıyıram, onların kino bilgilərinə, sevgilərinə bələdəm. Mən onlara inanıram. İnanıram ki, Azərbaycan kinosu istədiyi məqama, zirvəyə çatmaq iqtidarındadır və bu, olacaq. İnanıram ki, kino arenasına öz filmlərimizi ürəklə təqdim edəcəyik.
Əlbəttə ki, hər il az sayda olsa belə filmlərimiz dünya kino arenasına, beynəlxalq film festivallarına çıxır. Məsələn, ötən il 3 fərqli festivalda 3 böyük filmimiz iştirak edib və bu böyük nəticədir.
Bir sözlə, inanıram ki, hər şey yaxşı olacaq”.

DİGƏR XƏBƏRLƏR

Top