
"Ötən payız Azərbaycanın pilotsuz və kamikadze təyyarələrdən istifadə edərək hava məkanını ələ keçirməsi və Dağlıq Qarabağ müharibəsində qalib gəlməsi ilə ABŞ ordusunun mütəxəssisləri üçün bir şey aydın olmağa başladı: İndi qoşunları məhv etmək həm asan, həm də ucuz olub".
Yeniavaz.com xəbər verir ki, bu sözləri “Foreign Policy” jurnalının Pentaqon və milli təhlükəsizlik üzrə müxbiri Cek Deç sonuncu məqaləsində yazıb.
Məqalədə bildirilir ki, ucuz döyüş dronları yaxın gələcəkdə, hətta tualetə getmək üçün belə mövqelərini tərk edən əsgərləri bir anda məhv edəcək.
Sözügedən məqaləni təqdim edirik:
“Videolarda tankların, artilleriya mövqelərinin, qoşunların pilotsuz təyyarələrlə necə vurulduğu görə bilərsiniz. Bunu ABŞ ordusunun Asimmetrik Müharibə Qrupunun başçısı, polkovnik Skot Şou deyib.
Azərbaycanın Ermənistan ordusunu darmadağın etməsindən sonra bir şey aydın oldu ki, ABŞ ordusu artıq Çin kimi rəqiblərinə qarşı hava qüdrəti üstünlüyünə malik deyil və indi hətta yoxsul ölkələr də özləri üçün diqqətə dəyər hərbi-hava qüvvəsi ala bilərlər.
Skot Şou bildirir ki, indi daha az vəsaiti olan ölkələr də müxtəlif silahlı müharibə apara bilərlər: “Bunun üçün Birləşmiş Ştatlar və ya Rusiya olmağa ehtiyac yoxdur. Müxtəlif silahlı müharibəyə girmək əvvəllər düşünüldüyündən daha ucuz başa gəlirmiş. Lokal hava-yer, hava-hava fəaliyyətində olmaq üçün Birləşmiş Ştatların super təlim görmüş, heyrətamiz qüdrətə malik hərbi-hava qüvvələrinə ehtiyac yoxdur”.
6 həftəlik müharibə zamanı Azərbaycan ordusu Türkiyə istehsalı Bayraktar TB2 dronlarından, əksəriyyəti İsrail istehsalı olan intihar PUA-larından istifadə etməklə Ermənistanın zirehli qüvvələrini, hətta onun hələ cəbhə xəttinə gəlib çıxmağa imkan tapmayan təchizat zəncirini məhv edib.
Ermənistanın hərbi maşın karvanlarının və silah anbarlarının dağıdılması yeni hərbi yanaşmaya ehtiyac olduğunu göstərir.
Azərbaycan prezidenti İlham Əliyev müharibənin son günlərində döyüşlər zamanı məhv edilmiş və ələ keçirilmiş texnikanın siyahısını “camaşırxana siyahısı” kimi oxuyurdu: 250 tank, 50 piyadaların döyüş maşını, 198 yük avtomobili, 17 qanadlı artilleriya birliyi, dörd Rusiya istehsalı S-300 raket müdafiə sistemi. Əliyev deyib ki, Türkiyə dronları ilə Ermənistanın 1 milyard dollarlıq hərbi texnikası və döyüş avadanlığı məhv edilib.
Lakin bu informasiyaların səhihliyini yoxlamaq asan deyil. Polkovnik Şou deyir ki, açıq mənbəli internet resurslarında xeyli sayda dezinformasiya uçur ki, bu da real vaxtda baş verənlərin hamısını anlamağı çətinləşdirir.
Ekspertlər hələ ki, pilotsuz uçuş aparatlarının üstünlüyü hücum edənlərə, yoxsa müdafiə olunanlara verdiyini aydınlaşdıra bilməyiblər. Buna baxmayaraq bəziləri düşünürlər ki, Dağlıq Qarabağdakı müharibə ABŞ ordusunun ən çox etibar etdiyi və hər iki İraq müharibəsində istifadə etdiyi “sarsıt və qorxut” taktikasının keçmişdə qaldığını nümayiş etdirib. Ekspertlərin fikrincə, indi Birləşmiş Ştatlar keçmişdə olduğu kimi üzücü “vur-dağıt” tipli müharibəyə hazır olmalıdır.
Gələcəkdə pilotsuz aparatlar təkcə havada olmayacaq. Polkovnik Şou düşünür ki, onlardan quruda və dənizlərdə də istifadə ediləcək: “Pilotsuz sistemlər geniş yayılacaq, çünki onlar ucuzdur, ölçüləri də kiçilə-kiçilə gedəcək”.
Əslində ABŞ müdafiəsini planlaşdıranlar bu istiqamətdə işləyirlər. Keçmiş müdafiə naziri Mark Esper Tramp administrasiyasının direktivini yerinə yetirməyə çalışırdı. Bu direktiv 355 gəmilik hərbi donanmada heyətsiz gəmilərə daha çox investisiyalar yatırılmasını nəzərdə tuturdu. Hərçənd Bayden administrasiyasının bu məsələyə necə yanaşacağı hələlik məlum deyil.
Amma burası da var ki, pilotsuz uçuş aparatları getdikcə daha da ölümcül olur. Özü piyada qoşunlarında xidmət etmiş Şou düşünür ki, dronlar getdikcə daha çox “uçan tanklara” bənzəyəcək.
Onun fikrincə, dronları vurmaq çətinləşdikcə, qurudakı qoşunları məhv etmək asanlaşacaq, döyüş meydanlarının müşahidəsi isə daha ucuz başa gələcək.
Bu isə o deməkdir ki, üzünün rəng kamuflyajı naxışını iki onillikdir dəyişməyən ordu, gözə görünüb daha zəif rəqib tərəfindən öldürülməmək üçün yeni yollar axtarmalıdır.
Bütün bunlar ABŞ-ın ənənəvi müharibə manevr üslübü üçün yeni çətinliklər yaradır. Məsələn, ABŞ ordusu son 20 ildə İraq və Əfqanıstan müharibələrində FM dalğaları ilə aparılan kommunikasiyaya güvənib.
Halbuki, Rusiya kimi ölkələr döyüş birliklərinin yerini aşkara çıxarıb zərbə endirmək sahəsində daha da ustalaşırlar.
Polkovnik Şou deyir ki, ordu özünün kamuflyaj və maskalanma üslubunu dəyişməlidir: “Sən döyüş maşınını harda istəsən gizlədə bilrəsən. Amma sən döyüş mövqeyinə gedən izləri, tank tırtıllarının izlərini gizlədə bilməzsən. Ayaq izləri də bu qəbildəndir. Odur ki, taktiki səviyyədə biz hərəkətlərimizi, mövqelərimizi, qərargahlarımızı gizlətməyin yollarını axtarmalıyıq.
Şounun 20 ildir işlədiyi, İraqdakı kustar partlayıcı qurğular və Avropadakı informasiya müharibəsi də daxil olmaqla, potensial təhdidlərlə mübarizə aparmaq üçün xüsusi təlim keçmiş məsləhətçilər hazırlamaqla məşğul olan bölmə artıq bağlanmaq üzrədir. Amma o, artıq başqa xidmətlərin başçılarına, məsələn, Ordu Təlimi və Doktrina Komandanlığının rəhbəri general Pol Fank və onun saatlarla Dağlıq Qarabağ müharibəsinin döyüş səhnələrinin videolarını izləyən əsgərlərinə brifinq verməklə məşğuldur”.